
Bakı. Trend:
Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə olaraq D-8 ölkələrinin
nazirlərinin görüşü keçiriləcək.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin ictimaiyyətlə
əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Amil
Həsənov Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgisinə
həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsinin əsası 30 ildən
artıqdır keçirilən ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz”
sərgisindən başlayır.
Amil Həsənov vurğulayıb ki, builki tədbirlərdə müxtəlif
ölkələrin nümayəndələri, o cümlədən dövlət rəsmiləri, beynəlxalq
təşkilatlar və aparıcı beynəlxalq şirkətlər iştirak edəcəklər.
O qeyd edib ki, Bakı Enerji Həftəsi təkcə enerji məsələlərinin
deyil, həmçinin “yaşıl enerji”, enerji təhlükəsizliyi, innovativ
texnologiyalar və dayanıqlı inkişafla bağlı mövzuların müzakirəsi
üçün platformaya çevrilib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, işgüzar proqram
çərçivəsində bir sıra tematik sessiyalar planlaşdırılıb. Bunlara
dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq
əməkdaşlığa dair nazirlərin plenar sessiyası, təbii qaz bazarları,
enerji keçidi, “yaşıl enerji”, regional inteqrasiya, eləcə də data
mərkəzləri, hidrogen və kiçik modul reaktorları da daxil olmaqla
enerji sektorunun gələcəyi ilə bağlı müzakirələr daxildir.
Bundan əlavə, onun sözlərinə görə, Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Beynəlxalq Bərpa
Olunan Enerji Agentliyi (IRENA) ilə birgə Mərkəzi Asiyada bərpa
olunan enerjiyə keçidin təşviqinə həsr olunmuş nazirlər dialoqu
təşkil edəcək.

