
Bakı. Trend:
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul
imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün
namizədlərin qeydiyyatı mayın 25-dən iyunun 4-dək internet
vasitəsilə aparılacaq.
Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, bu il mayın 3-də keçirilmiş rezidenturaya qəbul
imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar
imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi
kabinet”lərinin hesabına imtahanda iştirak üçün tələb olunan
məbləği (60 AZN) əlavə edib, Mərkəzin internet saytının müvafiq
səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2)
daxil olmaqla qeydiyyatdan keçirlər.
Bu il sənəd qəbulunda iştirak etməmiş namizədlər də 1-ci
mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin
internet saytının ekabinet.dim.gov.az səhifəsində
“Şəxsi
kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda)
ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi
kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək
üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet
səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər https://www.e-gov.az/az/services/read/3148/2
səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını
doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş
(etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.
Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 21-də
keçirilməsi planlaşdırılır.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna
malik olan, lakin 13-20 aprel tarixlərində ərizə qəbulunda iştirak
etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün
mayın 25-dən iyunun 4-dək “Namizədin elektron ərizəsi”ni doldurub
təsdiq etməlidirlər (etdirməlidirlər).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas
(baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV və V kurs)
tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız
rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza
ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə
qalır.

