
Bakı. Trend:
Sabah dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə
aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr
yekunlaşır.
Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, müsahibələr mayın 12-də başlamışdı.
Dövlət məktəblərində digər dildə təhsil almaq istəyən
şagirdlərin müsahibəsi ərizəçinin razılığı ilə videoçəkiliş
aparılmaqla, azı 20 dəqiqə müddətində keçirilir. Müsahibədə
şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz
ehtiyyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma
bacarığı, yazı bacarığı yoxlanılır. Müsahibədən 12 və daha çox bal
toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab
olunur.
Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü
müddətində ərizəçinin elektron kabinetinə göndərilir.. Ərizəçiyə
kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə
verilir. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda –
bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və
ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I
sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün
müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.

