
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət
istiqamətdə davam etdiyini bildirib və Yaxın Şərqdə genişmiqyaslı
siyasi razılaşmanın əldə olunmasına çağırış edib.
Trend xəbər verir
ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” platformasında paylaşım
edib.
O qeyd edib ki, İran İslam Respublikası ilə danışıqlar yaxşı
gedir və yekunda ya hamı üçün möhtəşəm razılaşma, ya da ümumiyyətlə
heç bir razılaşma olmayacaq.
“Əks halda yenidən döyüş meydanına qayıdılacaq, amma əvvəlkindən
daha böyük və daha güclü şəkildə. Bunu isə heç kim istəmir”, – deyə
Tramp vurğulayıb.
ABŞ Prezidenti bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi
Məhəmməd bin Salman Əl Saud, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al
Nəhyan, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah
əs-Sisi, İordaniya Kralı II Abdullah, Bəhreyn Kralı Həməd bin İsa
Al Xəlifə və digər regional liderlərlə keçirdiyi müzakirələr zamanı
“İbrahim Razılaşmaları”nın genişləndirilməsi məsələsini
qaldırıb.
Onun sözlərinə görə, ABŞ-nin bölgədə mürəkkəb diplomatik balans
yaratmaq üçün gördüyü işlərdən sonra region ölkələrinin ən azından
eyni vaxtda “İbrahim Razılaşmaları”na qoşulması vacibdir.
Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan,
Türkiyə, Misir və İordaniya bu təşəbbüsə qoşulmağa hazır olmalıdır.
O xatırladıb ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn artıq
razılaşmanın iştirakçılarıdır.
“Bu razılaşmalar Yaxın Şərqə son 5 min ildə ilk dəfə real güc,
qüdrət və sülh gətirə bilər”, – deyə o əlavə edib.

