Azərbaycanın Suriyaya təbii qaz ixracından əldə edilən gəlir açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Suriya Ərəb
Respublikasına 81,558 milyon ABŞ dolları dəyərində 244,207 milyon
kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü
Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri
çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında
Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının
sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl
Bəşir imzalayıblar.




İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki
hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start
verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard
kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis
şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına
çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq.
Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı
gücünə nail olunması nəzərdə tutulur.

Əlavə edək ki, ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında
Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257
milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən
ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ
dolları və ya 14,6% az, həcm baxımından isə 357,9 milyon kubmetr və
ya 6,1% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir