
Bakı. Trend:
Amerikalı milyarder İlon Maskın “Starlink” peyk interneti rəsmən
Qırğızıstanda istifadəyə verilib. Xidmətin istifadəyə verilməsi
2026-cı il mayın 25-də baş tutub və ölkə şirkətin rəsmi əhatə
xəritəsində xidmətin əlçatan olduğu ərazi kimi göstərilib.
Bu barədə Trend
xarici mediaya istinadən xəbər verir.
Layihənin Qırğızıstandakı tərəfdaşı “Elkat”
internet-provayderidir. Şirkətdən bildirilib ki, xidmət aktiv
inkişaf mərhələsinə keçir. Bu isə istifadəçilərin tammiqyaslı
qoşulmasına və infrastrukturun genişləndirilməsinə başlanılması
deməkdir.
Fərdi müştərilər üçün abunə haqqı ayda 10 min somdan başlayır
(təxminən 198 manat). Starlink Mini avadanlıq dəstinin qiyməti isə
36 min somdur (təxminən 713 manat).
Qırğızıstanda xidmətin istifadəyə verilməsi “Starlink”in Mərkəzi
Asiya ölkələrində ekspansiyasının davamıdır. Belə ki, 2026-cı ilin
fevralında xidmət Tacikistanda əlçatan olub, daha əvvəl isə
Qazaxıstan və Azərbaycanda istifadəyə verilib.
“Starlink” — İlon Maskın “SpaceX” şirkətinə məxsus peyk internet
xidmətidir. Sistem aşağı orbitli peyklər şəbəkəsi vasitəsilə
internetə çıxış təmin edir. Xidmət zəif və ya ümumiyyətlə yerüstü
rabitənin olmadığı bölgələr üçün nəzərdə tutulub və qoşulma üçün
xüsusi peyk antenindən istifadə olunur.

