
Bakı. Trend:
Avropada birbaşa xarici investisiyalar 2025-ci ildə 7%
azalıb.
Trend xəbər
verir ki, bu barədə Ernst & Young (EY) konsaltinq şirkətinin
hesabatında bildirilir.
Tədqiqatda deyilir ki, qlobal miqyasda geosiyasi qeyri-sabitlik
və makroiqtisadi qeyri-müəyyənlik investorların ehtiyatlı
davranmasına səbəb olub: “Bu, Avropada da özünü göstərir:
Respondentlərin 41%-i geosiyasi gərginlikləri və münaqişələri
Avropanın investorlar üçün cəlbediciliyinə əsas risk kimi göstərib,
halbuki bu rəqəm 2025-ci ildə 35%, 2024-cü ildə isə 27% təşkil
edib”.
Respondentlərin üçdə birindən çoxu (35%) iqtisadi artımın
yavaşlamasını, dövlət borcunun artmasını və enerji qiymətlərinin
artmasının yaratdığı inflyasiya təzyiqlərini əsas problemlər kimi
qeyd edirlər.
Lakin, qeyri-müəyyən qlobal mühitə baxmayaraq, Avropa xarici
investisiyalar üçün davamlı və cəlbedici bir məkan olaraq qalır.
2025-ci ildə Avropa regionu 5000-dən çox yeni layihə cəlb edib və
sorğuda iştirak edən rəhbərlərin əksəriyyəti (60%) Avropanın
cəlbediciliyinin növbəti üç il ərzində yaxşılaşacağını
gözləyirlər”.
Hesabatda deyilir ki, bu, regionun uzunmüddətli fundamental
göstəricilərinə, o cümlədən infrastrukturuna və böyük potensial
bazarına olan davamlı inamı əks etdirir.
Fransada birbaşa xarici investisiyalar 2025-ci ildə 17%, Böyük
Britaniyada isə 14% azalıb.
Almaniyaya investisiya 10% azalaraq 17 illik minimuma çatıb və
azalma ardıcıl səkkizinci ildir ki, qeydə alınıb. Bunun səbəbləri
yüksək vergilər, əhəmiyyətli əmək və enerji xərcləri və sərt
bürokratik prosedurlar sahəsində islahatların olmamasıdır.
Almaniyaya investorların əksəriyyəti ABŞ-dandır, əvvəllər isə Çin
birinci yeri tuturdu.
EY Almaniya şirkətinin rəhbəri Henrik Ahlers bildirib ki,
Almaniya iqtisadiyyatı illərdir yalnız bir istiqamətdə hərəkət
edir: “Aşağıya doğru. Zəif satış və mənfəət, qeyri-müəyyən iqtisadi
şərtlər bir çox şirkəti investisiyaları təxirə salmağa və ya
tamamilə ləğv etməyə məcbur edir”
2025-ci ildə Polşaya birbaşa xarici investisiyalar 10%,
İspaniyaya 7%, Türkiyəyə isə 20% artıb.

