
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərləri barələrində olan məhkəmə
hökmündən verdikləri apelyasiya şikayəti üzrə iş icraata
götürülüb.
Trend xəbər verir ki,
işə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi
ilə baxılacaq.
Məhkəmə prosesi bu gün başlayır.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına (hökm) əsasən,
Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon
Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni və Babayan
David Klimi ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum
edilib.
Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç) və Sahakyan
Bako Sahaki 20 il, Babayan Madat Arakeli və Paşayan Melikset
Vladimiri 19 il, Martirosyan Qarik Qriqori 18 il, Allahverdiyan
Davit Nelsoni və Balayan Levon Romiki 16 il, Beqlaryan Vasili
İvani, Stepanyan Qurgen Homerosi və Qazaryan Erik Roberti 15 il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

