
Bakı. Trend:
Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də
keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə bir
daha göstərdi ki, respublikamızda aqrar sektorun davamlı inkişafı
dövlət siyasətinin prioritet istiqamətidir. Belə bir müşavirənin
keçirilməsi, Prezident İlham Əliyevin toxunduğu məsələlər, verdiyi
mesajlar, qarşıya qoyduğu vəzifələr onu deməyə əsas verir ki, kənd
təsərrüfatı ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsində,
ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların
sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan sahə kimi
xüsusi diqqət mərkəzindədir.
Ümumiyyətlə, Azərbaycanın son onilliklərdə keçdiyi sürətli
inkişafda aqrar sferanın xüsusi payı var. Müşavirədə bu barədə
ətraflı bəhs edildi. Məlum olduğu kimi Prezident İlham Əliyevin
hələ respublikamıza rəhbərliyinin ilk vaxtlarından qarşıya qoyduğu
prioritet vəzifələrdən biri kənd təsərrüfatının inkişafının
sürətləndirilməsi ilə bağlı olub. İndiyədək həyata keçirilən
islahatlarda, qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına
dair bütün dövlət proqramlarında kənd təsərrüfatının inkişafı ilə
bağlı məsələlərə xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı
məhsulları istehsalçılarının bir sıra vergilərdən azad olunması,
fermer və sahibkarlar üçün güzəştli kredit mexanizmlərinin
yaradılması, subsidiya sisteminin tətbiqi, lizinq yolu ilə müasir
texnikaların verilməsi aqrar sektorun inkişafına ciddi təkan verib.
2005–2025-ci illərdə ümumilikdə 96 mindən çox kənd təsərrüfatı
texnikasının lizinqə verilməsi, gübrə və toxum təminatının
yaxşılaşdırılması, əkin sahələrinin becərilməsi üçün yanacaq
subsidiyalarının ayrılması kənd təsərrüfatında məhsuldarlığın
yüksəlməsinə mühüm təsir göstərib. Yeni su anbarlarının tikilməsi,
meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi kənd
təsərrüfatının dayanıqlı inkişafında mühüm rol oynayıb.
Prezident İlham Əliyev aqrar sahənin ayrı-ayrı istiqamətləri,
məsələn, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və
baramaçılıqla bağlı ayrıca dövlət proqramlarını da təsdiq edib,
ölkənin aqrar siyasətinin əsas məqsədlərinin daxili tələbatın və
ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi,
kənd təsərrüfatı məhsullarının ixracının təmin edilməsi kimi
məsələlər olduğunu önə çəkib. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin iclaslarında, müşavirələrdə, KİV-ə müsahibələrində bu
məsələlərə xüsusi toxunub, aqrar bölmənin inkişafı ilə bağlı mühüm
sənədlər imzalayıb. Bütün bunlar aqrar sahənin inkişafı üçün
əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət
qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artırılmasına və
kənd təsərrüfatı məhsulları istehsalının artımına yol açıb. Təkcə
son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalı real olaraq 37,8
faiz artıb, o cümlədən bitkiçilik məhsulları istehsalı 48,2 faiz,
heyvandarlıq məhsulları istehsalı isə 29,6 faiz yüksəlib.
Lakin bununla belə müşavirədə Prezident İlham Əliyevin dediyi
kimi, kənd təsərrüfatı istehsalında dinamika qaneedici deyil.
Dövlətimizin başçısı bunun səbəblərini də açıqladı:
“Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının
istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr,
nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran,
yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi
istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq,
əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında
düşünməlidir və konkret addımlar atmalıdır”.
Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi bir sıra
rəqəmlər də düşündürücüdür. Azərbaycan bir çox kənd təsərrüfatı
məhsulları üzrə daxili tələbatı tam ödəmək imkanına malikdir.
Ölkəmizin münbit torpaqları, əlverişli iqlimi və zəngin təbii
resursları buna geniş şərait yaradır. Buna baxmayaraq, bəzi
məhsullar üzrə mövcud göstəricilər qənaətbəxş hesab edilə bilməz.
Xüsusilə müşavirədə buğda istehsalının daxili tələbatın cəmi 55
faizini qarşılaması ciddi narahatlıq doğuran məsələ kimi
qiymətləndirildi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu,
qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır. Onu da nəzərə
almalıyıq ki, buğda strateji məhsul olmaqla, ərzaq
təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir.
Prezident İlham Əliyevin çıxışında kənd təsərrüfatının müasir
çağırışlara uyğun inkişafı, innovativ yanaşmaların tətbiqi, özəl
sektorun kənd təsərrüfatının inkişafında daha yaxından iştirakı,
aqrar sahəyə güzəştli kreditlərin ayrılması, bu sferaya xarici
sərmayələrin cəlb edilməsi, torpaqlardan səmərəli istifadə, suvarma
məsələləri xüsusi yer tutdu. Bütün bunlar təsdiq edir ki,
Azərbaycan aqrar sahədə daha təkmil inkişaf xətti həyata
keçirməklə, həm daxili tələbatın daha etibarlı təminatına, həm də
ixrac potensialının genişləndirilməsinə nail olmağı qarşıya məqsəd
qoyub. Bu məsələlər Prezident İlham Əliyevin mayın 25-də təsdiq
etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanan Dövlət
Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın
təmin edilməsini, intensiv və rəqabət qabiliyyətli istehsal
modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər
zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar
xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də
balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Proqramda deyilir:
“Qlobal ərzaq bazarlarında qeyri-sabitlik və təchizat
zəncirlərində risklərin artması daxili ərzaq təhlükəsizliyinin daha
da gücləndirilməsini strateji zərurətə çevirmişdir. Bununla yanaşı,
aqrar istehsalda yüksək əlavə dəyər yaradan emal və ixracyönümlü
fəaliyyətin stimullaşdırılması, fermerlərin maliyyə resurslarına və
müasir texnologiyalara çıxışı imkanlarının artırılması, aqrar-elmi
tədqiqat və innovasiya potensialının gücləndirilməsi, eləcə də kənd
yerlərində dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsi
qarşıdakı dövrün əsas prioritetləri sırasında yer alır”.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər və
təsdiq etdiyi Dövlət Proqramı Azərbaycanda aqrar sahənin
inkişafında artıq yeni mərhələnin başlanmasından xəbər verir.
Dövlət Proqramı həm də yeni mərhələnin yol xəritəsidir.
Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda aqrar sahənin inkişafı müasir
çağırışlardan irəli gələrək, yeni və daha təkmil mərhələyə qədəm
qoyur. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs
nəticəsində qarşıdakı illərdə kənd təsərrüfatında məhsuldarlığın
artırılması, ixrac imkanlarının genişləndirilməsi istiqamətində
mühüm nailiyyətlər əldə ediləcək. O cümlədən aqrar sahədə özəl
sektorun da yaxından iştirakı ilə müasir texnologiyaların və
yanaşmaların tətbiqi genişlənəcək, kəndlərdə məşğulluq imkanları
çoxalacaq. Ən əsası, bu siyasət Azərbaycanın iqtisadi
müstəqilliyinin daha da möhkəmlənməsinə, respublikamızın ərzaq
təhlükəsizliyinin daha güclü formada təmin edilməsinə qarşıdakı
dövrdə mühüm töhfələr verəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

