Hamiləlikdə gizlədilən xəstəliklər uşağı və ananı təhlükəyə atır – Səhiyyə Nazirliyinin eksperti

Baş səhifə

Bakı. Trend:

Hamilə qadınlar həkimin ilk qəbulunda bütün anamnezini, yəni
keçirdiyi xəstəlikləri (uşaq infeksion xəstəliklər, kəskin və
xronikləşmiş xəstəliklər, nevroloji və psixiki xəstəliklər, irsi
xəstəliklər, şəkərli diabet, hipertoniya, böyrək xəstəliyi və s.)
barəsində detallı və ətraflı məlumat verməlidirlər.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar
Axundova açıqlayıb.

Onun sözlərinə görə, bəzi hallarda hamilə qadınlar keçirdiyi
xəstəlikləri və yaşadığı problemləri müəyyən səbəblərdən gizlədir
və ya onlara çox əhəmiyyət vermirlər:

“Lakin hamiləlik dövründə bu hallar fəsadlara gətirib çıxara
bilər. Məsələn, arterial təzyiqi yüksək olan qadınlar onu artıq
hiss etmir və buna hamiləliyin ilk həftələrindən nəzarət edilmədiyi
təqdirdə dölə mənfi təsir edərək, inkişafdan qalma, ləngimə, düşük
və ya erkən doğuş kimi hallara səbəb ola bilər. Qadına isə
preeklampsiya və ən ciddi ağırlaşma olan eklampsiya, HELLP
sindromu, ciftin erkən ayrılması və qanaxma kimi təhlükə yarada
bilər. Digər vacib sayılan məqam isə sidik yolları xəstəlikləridir.
Bu xəstəliklər nəzarətsiz qaldıqda dölün həm inkişafına təsir
göstərir, həm də bətndaxili infeksiyaya səbəb olur və nəticədə
doğulan uşaq neonatal sepsis kimi ağırlaşma ilə rastlaşa bilər.
Qadında bu xroniki xəstəliklər kəskinləşsə, qan təzyiqinin
yüksəlməsi, bədəndə şişkinlik, sidikdə zülalın artması kimi
ağırlaşmalar verə bilər. Nəticədə erkən doğuşlara, düşüklərə səbəb
ola bilər. Ən vacibi isə böyrək xəstəlikləri olan hamilələr mütləq
şəkildə uro-nefroloq həkimi tərəfindən müayinə olunmalıdır”.

Mütəxəssis-ekspert qeyd edib ki, psixo-nevroloji xəstəliklərə də
mütləq nəzarət edilməlidir:




“Depressiya və digər psixoloji pozulmalardan əziyyət çəkən bəzi
qadınlar hamiləlikdən öncə xüsusi müalicə almış olur. Bu tip
pozulmalar hamiləlikdə kəskinləşə bilər, nəzərdən qaçıla bilər.
Belə hallar da hamiləliyə mənfi təsir edərək erkən və ya gec
düşüklərə, vaxtından əvvəl doğuşlara səbəb ola bilər. Anamnezində
hansısa bir tutmalar, epilepsiya tutmaları olan qadınlar
hamiləlikdə də xüsusi nəzarətdə olmalıdır. Ona görə də təkcə ailə
üzvləri deyil, hətta həkim, mama-ginekoloq da mütləq qadına
psixoloji dəstək göstərməli, vaxtında hamiləni nevroloqa
göndərməlidir”.

Nigar Axundova bildirib ki, mədə-bağırsaq pozulmaları, o
cümlədən qastrit, kolit, xolesistit hamilə qadına narahatlıq verə
bilər. Xüsusilə erkən dövrdə, hamiləlik toksikozu adlanan və
bulantı, qusma və qəbizlik kimi fəsadlar ola bilər. Lakin bu,
normal hal kimi qiymətləndirilir və çox vaxt heç bir müalicə tələb
etmir. Amma əgər qadında gün ərzində 5-10 dəfə ürək bulanması
olursa, qusursa, içdiyi suyu belə qəbul edə bilmirsə, o artıq ağır
toksikozdur və evdə yox, yalnız stasionarda xüsusi nəzarət altında
müalicə olunmalıdır. Bu zaman dölün inkişafdan qalması ilə yanaşı,
hamilə qadına da asidoz kimi təhlükə yarada bilər və
qaraciyər-böyrək çatışmazlığına gətirib çıxara bilər.

Mama-ginekoloq vurğulayıb ki, anemiya (qan azlığı) və qan
laxtalanması pozulması (irsi və ya qazanılmış), trombofiliya ciftin
düzgün formalaşmasına mane ola bilər, hamiləlik itkisinə gətirər və
ya tromboz yarada bilər:

“Bu cür riskləri azaltmaq üçün həkim-hematoloqun da rəyi
vacibdir. Normal korreksiya aparıldıqda heç bir fəsad gözlənilmir.
Bütün bu anemnestik hissə çox vacibdir, çünki bizim cəmiyyətdə
qadınlar (kişilər də o cümlədən) bir çox xəstəlikləri gizlədir və
ya unudur. Bu məxfilik sonradan çox ciddi problem yaradır. Ona görə
də, hansısa bir şikayət varsa, internetdə onu araşdırmamışdan əvvəl
öz həkiminizin rəyini öyrənin. Vaxtında aparılan tibbi araşdırma,
həyat xilas edir. Ona görə də hamilə qadın və onun həkimi çox
diqqətli olmalıdır. Xüsusi diqqət hamilənin ailəsindən tələb
olunur. Bilin ki, hamiləlik çox həssas bir dönəmdir və qadının
sinir sistemi də müxtəlif cavablar verə bilər. Bütün bunlara ciddi
yanaşın. “Bizdə də belə olub” sözlərini nə anaların, nə də
qayınanaların səsləndirməsi doğru deyil. Odur ki, əziz
hamilələrimiz – hansısa bir narahatlıq varsa, mütləq həkimə
müraciət edin və mütəxəssis tövsiyəsi alın”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir