
Bakı.Trend:
Azərbaycanda mis, qızıl və gümüş istehsalı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti iki illik zərər dövründən sonra
2025-ci ildə yenidən mənfəət əldə edib.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
Şirkətdən bildirilib ki, il ərzində istehsalın əhəmiyyətli
dərəcədə artması, həmçinin mis və qızıl üzrə əlverişli qiymət
konyunkturası 2025-ci ildə maliyyə göstəricilərinin ciddi şəkildə
yaxşılaşmasını təmin edib.
“İllik müqayisədə gəlirlər əhəmiyyətli dərəcədə artaraq 123
milyon dollara çatıb, vergidən əvvəl mənfəət isə 26 milyon dollar
təşkil edib. Qrup əməliyyat fəaliyyətindən 47 milyon dollar
həcmində pul axını formalaşdırıb. İlin sonuna xalis pul mövqeyi 2,6
milyon dollar olub ki, bu da il ərzində yüksək səviyyədə pul
vəsaiti generasiyasını əks etdirir”, – deyə “Anglo Asian Mining”dən
bildirilib.
Şirkətdən qeyd olunub ki, il ərzində məhsul satışları üzrə
hedcinq həyata keçirilməyib və 2025-ci il üzrə qızıl və mis üçün
AISC (all-in sustaining cost – tam saxlanma xərcləri) göstəricisi
açıqlanmayacaq.
“”Gilar” və “Dəmirli” yataqlarında hasilat 2025-ci ilin
ortalarında başladığı üçün hesab edirik ki, həmin dövr üzrə
xərclərin hesablanması nəzərəçarpan olmayacaq. Qrup 2026-cı ildən
etibarən mis və qızıl üzrə AISC göstəricilərini dərc etməyə
başlayacaq, bununla bağlı müvafiq istiqamətləndirici göstəricilər
artıq təqdim olunub”, – deyə şirkətin məlumatında qeyd edilib.
Həmçinin vurğulanıb ki, 2025-ci ildə “Gədəbəy” və “Dəmirli”
yataqlarından əldə olunan gəlirlər Azərbaycan hökuməti ilə
hasilatın pay bölgüsü sazişinə uyğun olaraq 12,75 faiz effektiv
royalti dərəcəsi ilə vergiyə cəlb olunub. Gözlənilir ki, bu dərəcə
ən azı 2026-cı ilin sonunadək “Dəmirli” üçün qüvvədə qalacaq, lakin
“Gədəbəy” üzrə 2026-cı ilin sonuna doğru təxminən 18 faizə qədər
arta bilər.

