Böyük Britaniyada Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada Azərbaycan icması ilə görüş keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, xaricdə yaşayan soydaşlarımızla mütəmadi
görüşlər, konfranslar, forumlar və icma tədbirlər təşkil etmək,
onlar arasında qarşılıqlı təcrübə mübadiləsinə və koordinasiyalı
fəaliyyətə dəstək göstərmək Azərbaycan dövlətinin diaspor
siyasətinin mühüm qollarından biridir. Bu baxımdan Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniyaya
səfəri çərçivəsində Birləşmiş Krallıqda yaşayan Azərbaycan icması
ilə görüşü və Koordinasiya Şurasının toplantısında iştirak etməsi
xüsusi əhəmiyyət daşıyır.

28 May Müstəqillik Günü ərəfəsində keçirilən tədbir Diasporla İş
üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda Yaşayan
Azərbaycanlıların Koordinasiya Şurasının və Britaniya Azərbaycan
Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə Birləşmiş
Krallığın London, Esseks, Lids, Nottinqam, Oksford, Kembric,
Bristol, Mançester, Koventri və Braknell, Uelsin Kardiff və Svansi,
Şotlandiyanın Edinburq, Qlazqo, Aberdin və Şimali İrlandiyanın
Belfast şəhərlərində yaşayan azərbaycanlılar, o cümlədən əslən
Cənubi Azərbaycandan olan soydaşlarımız iştirak edib.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin
Süleymanov çıxışında görüşün təşkilatçılarına təşəkkür edib,
Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarının
fəallığını və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində
gördükləri işləri yüksək qiymətləndirib.

Komitə sədri ölkəmizin diaspor siyasətindən danışıb və çıxışında
Prezident İlham Əliyevin 22 aprel 2022-ci ildə Şuşa şəhərində
keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı tarixi
nitqindəki bu sözləri xatırladıb: “Əlbəttə, mən çox şadam ki,
xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə
daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif
ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında
koordinasiya da təkmilləşir. Bu da çox vacibdir”.

Görüş iştirakçılarına dünya azərbaycanlılarının birliyinin
möhkəmləndirilməsi, diaspor qurumları arasında koordinasiyanın
genişləndirilməsi istiqamətində komitənin gördüyü işlər barədə
müfəssəl məlumat verilib.




İcma görüşü interaktiv müzakirə ilə davam edib. İcma üzvləri
diaspor fəaliyyətinin daha da gücləndirilməsi, xüsusilə gənclərin
bu proseslərdə fəal iştirakının artırılması, Azərbaycanın milli
maraqları və haqq səsinin beynəlxalq ictimaiyyətə daha effektiv
şəkildə çatdırılması istiqamətində fikir və təkliflərini
səsləndiriblər.

Tədbirdə diaspor fəaliyyətində xüsusi xidmətləri olan
soydaşlarımıza dövlət mükafatları təqdim edilib. Britaniya
Azərbaycan Cəmiyyətinin rəhbəri, Birləşmiş Krallıqda Yaşayan
Azərbaycanlıların Koordinasiya Şurasının üzvü və “Qarabağ”
məktəbinin təsisçisi Fəridə Pənahovaya təltif olunduğu Azərbaycan
Respublikasının “Tərəqqi” medalı, London Azərbaycan Evinin rəhbəri
Əli Tekin Atalara, Londondakı “Qarabağ” məktəbinin müəllimi,
“Acapella Academy”nin təsisçisi və bəstəkar Səadət Fərziyevaya
təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan
Respublikasının medalı təqdim olunub. Mükafatı Əli Tekin Ataların
adından qızı qəbul edib.

Daha sonra Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların
Koordinasiya Şurasının toplantısı keçirilib. Birləşmiş Krallıqda
Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzv
təşkilatlarının nümayəndələri – Hafiz Baxşəliyev, Fəridə Pənahova,
Nərgiz Morrison, Savaş Mərəndli və Pərvanə Ağazadə Koordinasiya
Şurasının fəaliyyəti, həyata keçirilən layihələr və gələcək
təşəbbüslərlə bağlı hesabatla çıxış ediblər. Koordinasiya Şurasının
fəaliyyətilə bağlı geniş müzakirə aparılıb və yeni koordinatorlar
seçilib.

İcma görüşü 28 May – Müstəqillik Gününə həsr olunan bədii hissə
ilə davam edib. Londonda fəaliyyət göstərən azərbaycanlı
musiqiçilər Rasim Fərziyev, Emiliya Yaqubova, Vüsalə Babayeva və
Emin Eminzadə milli və klassik musiqi nümunələri ilə iştirakçılara
xoş ovqat bəxş ediblər. Eyni zamanda, “Qarabağ” məktəbinin
şagirdlərinin ifaları böyük maraq və alqışlarla qarşılanıb. Gənc
musiqiçilər Emin Eminzadə və Vüsalə Babayeva onların yaradıcılığına
və həyata keçirdikləri layihələrə göstərilən diqqət və dəstəyə görə
Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə
ediblər.

Eyni zamanda, gənc pianoçu Vüsalə Babayevanın Diasporla İş üzrə
Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək
Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Üzeyir Hacıbəyli:
Musical Legacy on Piano” albomuna daxil edilmiş “Koroğlu”
uvertürasına çəkilən klipinin ilk təqdimatı baş tutub.

Səmimi və konstruktiv müzakirələr şəraitində keçən tədbir icma
üzvləri arasında əlaqələrin genişlənməsinə, ortaq məqsədlər
ətrafında birliyin güclənməsinə və gələcək birgə təşəbbüslər üçün
yeni imkanların formalaşmasına şərait yaradıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir