
Bakı. Trend:
Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığı,
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması
istiqamətində mühüm addımların atıldığı bir dövrdə bəzi beynəlxalq
siyasi dairələrin və təşkilatların yenidən birtərəfli ittihamlar
ritorikasına qayıtması diqqət çəkir. Xüsusilə son aylarda Böyük
Britaniya parlamentinin ayrı-ayrı üzvlərinin açıqlamaları,
Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu
tərəfindən “D̶a̶ğ̶l̶ı̶q̶ ̶Q̶a̶r̶a̶b̶a̶ğ̶d̶a̶” erməni mədəni irsinin
məhv edilməsi” barədə sorğunun təşviqi, eləcə də Avropa
Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamələr regionda
formalaşmaqda olan normallaşma prosesinə nə dərəcədə xidmət etdiyi
sualını aktuallaşdırır.
Bu barədə Trend-ə politoloq Azər Qarayev deyib.
“Məsələyə yalnız bir istiqamətdən yanaşmaq, regionun mürəkkəb
tarixi və siyasi kontekstini görməzdən gəlmək obyektivliklə
uzlaşmır. Əgər Cənubi Qafqazda insan hüquqları, humanitar hüquq və
mədəni irsin qorunması məsələlərinə hüquqi-siyasi qiymət verilməsi
hədəflənirsə, bu zaman yanaşma selektiv deyil, kompleks olmalıdır.
Çünki Ermənistan-Azərbaycan münaqişəsinin tarixi yalnız son bir
neçə il və ya bir neçə ayla məhdudlaşmır.
Tarixi faktlar göstərir ki, XIX əsrdən etibarən regionda
demoqrafik və siyasi balans süni müdaxilələrlə dəyişdirilib. Rusiya
imperiyasının Cənubi Qafqaz siyasəti çərçivəsində, xüsusilə 1828-ci
il Türkmənçay müqaviləsindən sonra İran və Osmanlı ərazilərindən on
minlərlə erməninin Qarabağ da daxil olmaqla bölgəyə köçürülməsi
barədə çoxsaylı arxiv sənədləri mövcuddur. Bu proses imperiyanın
sərhəd zonalarında özünə loyal sosial baza formalaşdırmaq məqsədi
daşıyırdı və sonrakı etnik-siyasi qarşıdurmalar üçün zəmin
yaratdı”, – o bildirib.
Onun sözlərinə görə, XX əsrin əvvəllərində baş verən faciəli
hadisələr isə regionun kollektiv yaddaşında dərin iz buraxdı.
“1918-ci ilin mart hadisələri zamanı Bakı, Şamaxı, Quba və digər
bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirildi. Bu hadisələrin
izləri bu gün də kütləvi məzarlıqlar və arxiv materiallarında
qalmaqdadır. Sonrakı onilliklərdə isə azərbaycanlıların indiki
Ermənistan ərazisindən mərhələli şəkildə sıxışdırılması siyasəti
davam etdi. 1948-1953-cü illərdə həyata keçirilən deportasiyalar,
1988-1989-cu illərdə yüz minlərlə azərbaycanlının öz doğma
yurdlarından qovulması Ermənistanın monoetnik dövlətə çevrilməsi
prosesinin ən ağrılı mərhələlərindən biri oldu.
Bütün bu hadisələr fonunda 1990-cı illərin əvvəllərində
Azərbaycanın Qarabağ bölgəsinin və ətraf yeddi rayonun işğalı
regionun ən ağır humanitar böhranlarından birini yaratdı. Bir
milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi, şəhərlər
viran qoyuldu, kəndlər yerlə-yeksan edildi. Ağdam, Füzuli, Cəbrayıl
və digər rayonlarda işğalın izləri uzun illər “ölü şəhərlər”
görüntüsü yaratdı. Onlarla məscidin dağıdılması, təhqir olunması,
qəbiristanlıqların vandalizmə məruz qalması, tarixi abidələrin
mənşəyinin dəyişdirilməsi barədə faktlar uzun illər beynəlxalq
platformalarda lazımi diqqəti görmədi”, – o bildirib.
A.Qarayev qeyd edib ki, məhz buna görə bu gün yalnız “erməni
mədəni irsi” mövzusunun qabardılması ictimai rəydə haqlı suallar
yaradır: otuz il ərzində Azərbaycanın dağıdılmış şəhərləri, məhv
edilmiş mədəni irsi, öz torpaqlarından didərgin düşmüş insanların
hüquqları niyə eyni həssaslıqla gündəmə gətirilmədi? Əgər məqsəd
ədalət və hüquqi qiymətləndirmədirsə, o zaman regionda baş vermiş
bütün humanitar faciələr eyni obyektivliklə araşdırılmalıdır.
“2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra
regionda tamamilə yeni reallıq formalaşdı. Azərbaycan BMT
Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrinin
tələblərini faktiki olaraq təmin etdi və ərazi bütövlüyünü bərpa
etdi. Bundan sonra rəsmi Bakı normallaşma və əməkdaşlıq xəttini
prioritet elan etdi. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı
bərpa-quruculuq işlərinin aparılması, dini və mədəni abidələrin
mənsubiyyətindən asılı olmayaraq bərpası, keçmiş məcburi
köçkünlərin öz yurdlarına qayıdışı üçün şərait yaradılması
postmünaqişə dövrünün əsas istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda
dəfələrlə vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli
sülhün tərəfdarıdır və münasibətlərin qarşılıqlı suverenlik, ərazi
bütövlüyünün tanınması prinsipləri üzərində qurulmasını müdafiə
edir. Son illərdə sülh danışıqları istiqamətində əldə olunan
irəliləyişlər də göstərir ki, regionda yeni əməkdaşlıq mərhələsinin
yaranması real perspektivdir”, – o bildirib.
Politoloq vurğulayıb ki, lakin məhz belə həssas mərhələdə
birtərəfli siyasi kampaniyalar, tarixi kontekstdən qoparılmış
ittihamlar və yalnız bir tərəfin narrativini əsas götürən
təşəbbüslər sülhə xidmət etmir.
“Əksinə, bu cür addımlar Ermənistanda hələ də mövcud olan
revanşist dairələri ruhlandıra, etimad mühitinə zərbə vura və
normallaşma prosesini ləngidə bilər. Cənubi Qafqazın gələcəyi
ittiham yarışında deyil, qarşılıqlı məsuliyyət, tarixi həqiqətlərin
bütöv şəkildə qəbul olunması və beynəlxalq aktorların balanslı
yanaşmasında yatır. Tarixi seçərək xatırlamaq isə nə ədalətə, nə də
davamlı sülhə xidmət edir. Regionun ehtiyacı yeni qarşıdurma
ritorikası deyil, keçmişdən nəticə çıxararaq gələcəyə baxmaqdır”, –
A.Qarayev əlavə edib.

