TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim
oğlu təyin edilib.

Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilir ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb
Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi
Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura
keçib. 2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında
həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi
Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq,
2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin
müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya
kafedrasının assistenti olub.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin
müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri,
2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım
komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor
vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in
Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının
təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU
Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət
göstərib.

Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş
həkimi vəzifəsində çalışıb.




C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla,
2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası
dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif
edilib. 20 elmi məqalənin müəllifidir.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə
Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib.

L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini
bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə
nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.

2006-2011-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında
həkim-nevropatoloq, 2011-2022-ci illərdə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin ərazi üzrə xidmət göstərən
tibbi-sosial ekspert komissiyasının üzvü, daha sonra isə sədri
vəzifəsində fəaliyyət göstərib.

O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
müavini və baş həkimi vəzifələrində çalışıb.

2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial
Ekspert Komissiyasının sədri olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir