
Bakı. Trend:
Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin
genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”
çərçivəsində bankların kapital bazarlarında daha fəal iştirakının
təşviqi nəzərdə tutulur.
Trend-in
məlumatına görə, proqramın 8.2.5-ci bəndinə əsasən, bankların
kapital bazarlarında birbaşa iştirakının təşviq edilməsi
istiqamətində tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.
Bu sahədə əsas icraçı qurum kimi Azərbaycan Mərkəzi Bankı (AMB)
göstərilib və tədbirlərin icrasına Azərbaycan Banklar Assosiasiyası
(ABA) və Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) cəlb
edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, 2027–2028-ci illərdə bankların müştərilərinə
investisiya hesabları açmaq üçün hazırlıq səviyyəsinin
qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı, bankların
müştərilərinə investisiya xidmətləri göstərməsi üçün zəruri
potensialın formalaşdırılması istiqamətində işlər görüləcək.
Dövlət Proqramında qeyd olunub ki, görüləcək tədbirlərin
nəticəsində ən azı üç bankın müştərilərinə investisiya xidmətləri
göstərməsi hədəflənir.

