Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət
hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün öz aktuallığını
qorumaqla yanaşı, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində
yol xəritəsidir. Ulu Öndərin Azərbaycanın malik olduğu təbii
resurslardan səmərəli istifadəni təmin edən neft strategiyasının
davamlı uğurları bu gün ölkəmizin hərtərəfli inkişafında özünün
aydın ifadəsini tapır. Belə ki, neft gəlirlərindən səmərəli
istifadə edilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində
mühüm addımların atılmasına stimul verir. Azərbaycanın
iqtisadiyyatını düzgün əsaslar üzərində qurması həm ölkənin
dayanıqlı iqtisadi inkişafına təmin edir, həm də hər hansı bir
çətinlikdən uğurla çıxmasına yol açır. Dünya istər iqtisadi və
maliyyə böhranının geniş vüsət aldığı, istərsə də koronavirus
infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dövrlərdə
bunun bir daha şahidinə çevrildi. İqtisadi islahatların dövrün
çağırışlarına uyğun olaraq təkmilləşdirilməsi, mühüm sosial
layihələrin icrası, əhalinin məşğulluq və işsizlik problemlərinin
həllinin hər zaman diqqətdə saxlanılması, bir sözlə, vətəndaş
məmnunluğunun artırılması Azərbaycanın daim iqtisadi inkişafı ilə
diqqətdə olmasını şərtləndirir.

Bu gün artıq digər bölgələrimiz kimi, işğaldan azad edilmiş
ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli
istifadə məsələsi də gündəmdədir. Azərbaycan rəqabətqabiliyyətli
iqtisadiyyata malik ölkə kimi hər zaman beynəlxalq maliyyə
qurumlarının hesabatlarında liderliyini qoruyur. Ən islahatçı ölkə
kimi tanınır, nüfuz qazanır. Bütün bunlar Azərbaycanın hər zaman
dövrün çağırışlarının yüksək səviyyədə cavablandırmasından,
iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin
təcrübəsinə əsasən müəyyənləşdirməsindən irəli gəlir. Ümummilli
Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam
etdirən Prezident İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki,
biz neft kapitalını insan kapitalına çevirməliyik. İqtisadi artım
qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan
asılılıq minimuma endirilməlidir. Bu gün həmin hədəflərin reallıqda
öz əksini tapdığını görürük. May ayının 25-də Prezident İlham
Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr
olunmuş müşavirədə bütün bu məqamlar geniş təhlil edildi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, ölkəmizdə qeyri-neft
sektorunun əsas inkişaf prioritetlərindən biri kənd təsərrüfatıdır.
Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan
nəinki bir çox məhsullara olan tələbatını yerli istehsal hesabına
ödəyir, hətta xaricə də ixrac edir. Qeyri-neft sektorunun inkişafı
ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm
rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin
edilmiş, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından
səmərəli istifadə istiqamətində mühüm addımlar atılmış, minlərlə
hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuş və nəticədə
kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri
formalaşmışdır.

Prezident İlham Əliyev müşavirədə torpaqlardan səmərəli
istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə
istehsalının artırılması, su təchizatı, aqroparkların yaradılması,
ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və sair kimi
məsələlərdən geniş bəhs etdi. Diqqəti ilk dəfə Prezident
seçildikdən sonra qəbul edilən regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramına yönəldərək bu sənədin icrası
nəticəsində qazanılan uğurlardan da danışdı. Vurğuladı ki, kənd
təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir: “Hələ ilk
dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk
təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da
tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin
əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox
məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu
proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional
inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı,
regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra
edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını
təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının
inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur
layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək
olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki
regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük
fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə
təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin
dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini
yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu
yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra
edildi.”

Vüqar Rəhimzadə qeyd edib ki, Regional inkişaf proqramlarının
uğurlu icrası şəhərlə kənd arasında müəyyən fərqlərin aradan
götürülməsini də təmin etdi. Bir faktı qeyd etmək kifayətdir ki,
hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də iqtisadi, siyasi,
diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Prezident İlham
Əliyev bu günlərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi
etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
müzakirə edilən kəndlərdən şəhərlərə olan axın məsələsinə diqqəti
yönəldərək bildirdi ki, bu, təkcə ölkəmiz deyil, bütün ölkələr üçün
xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu
məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün
strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən
şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun
üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər
üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf proqramlarının
məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki,
insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında
çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Orada xidmət
sektoru da yüksək səviyyədə olmalıdır. Regional İnkişaf
proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də
uğurla həyata keçirilib. Bütün rayon mərkəzlərində, şəhərlərdə
müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət alıb.
Bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı
etmək üçün kənd təsərrüfatının inkişafına yeni təkan
verməliyik.

Milli Məclisin deputatı bildirib ki, ölkə iqtisadiyyatına
yatırılan investisiyaların böyük həcminin qeyri-neft sektoruna
yönəldilməsi bu sahənin inkişafının prioritetliyi ilə yanaşı,
mövcud imkanlarımızın da təqdimatıdır. Azərbaycan investisiya
cəlbediciliyə malik ölkədir. Ölkəmizdə mühüm investisiya mühiti
mövcuddur. Prezident İlham Əliyev müşavirədə bu çağırışı da etdi
ki, həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik
ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına
sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, xarici
investorları həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik.
Çünki bu gün Azərbaycanın beynəlxalq əlaqələri çox genişdir.
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə
artır. Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya
malikdir. Bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə
Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Ölkəmizdə bütün
şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində
lazımi şərait yaradılır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ixrac imkanlarını
genişləndirmək üçün zəruri olan bütün imkanlardan maksimum istifadə
etməyə səy göstərir. Bir sözlə, kənd təsərrüfatı sahəsində
məhsuldarlığın artırılması, ekoloji təmiz məhsul istehsalı və
işğaldan azad edilmiş ərazilərin aqrar potensialının dirçəldilməsi
ölkənin iqtisadi modelinin mərkəzində dayanır. Fermerlərə verilən
subsidiyaların tam rəqəmsallaşdırılması, bürokratik əngəllərin
aradan qaldırılması, şəffaflığın təmin edilməsi, güzəştli
kreditlərin fermerlər üçün əlçatanlığının artırılması, torpaq və su
ehtiyatlarından səmərəli istifadə edilməsi və kiçik ailə
təsərrüfatlarının dəstəklənməsi əsas prioritetlərdir. Ərzaq
təhlükəsizliyinin təmin edilməsi dövlətimizin iqtisadi siyasətinin
əsas tərkib hisəsidir. Daxili tələbatın yerli məhsullarla
ödənilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində
atılan addımlar davamlılığı ilə diqqətdədir. Əvvəldə də qeyd
etdiyimiz kimi, işğaldan azad edilən torpaqlarımızda kənd
təsərrüfatının gələcək inkişafına xüsusi diqqət göstərilir. Bu
bölgələrdə üzümçülüyün, taxılçılığın, pambıqçılığın və
heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır. Bu
potensialdan səmərəli istifadə etməklə, eyni zamanda, aqrar emal
sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı
təmin olunacaq. Artıq bu bölgələrdə də aqroparkların yaradılmasına
xüsusi diqqət göstərilir.

Millət vəkili bildirib ki, hədəflər uğurların davamlılığında
stimulverici amildir. Onlara yüksək səviyyədə və zamanında nail
olmaq üçün Dövlət proqramlarının qəbuluna böyük ehtiyac yaranır. Bu
baxımdan Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli
Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd
təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və
emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət
Proqramı”nı qeyd etmək istərdik. Məqsəd nəzərdə tutulan dövr üçün
aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və
rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi,
aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin
müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi,
balıqçılıq və akvakultura sahələrinin inkişafıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir