
Bakı. Trend:
Nyu-Yorka işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər
naziri Ceyhun Bayramov Kamboca Baş nazirinin müavini, xarici işlər
və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn ilə görüşüb.
Trend-in Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,
görüşdə tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və
inkişaf perspektivlərini müzakirə edərək, yüksək səviyyəli siyasi
məsləhətləşmələrin və mübadilələrin əhəmiyyətini vurğulayıblar.
Nazirlər həmçinin ticarət, kənd təsərrüfatı, turizm, humanitar
məsələlər və təhsil sahələrində ikitərəfli və çoxtərəfli
əməkdaşlığın genişləndirilməsi imkanlarını, eləcə də mövcud hüquqi
bazanın gücləndirilməsi və investisiya imkanlarının təşviq
edilməsini müzakirə ediblər.
Birləşmiş Millətlər Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Qurucu Tədbirlər Konfransı, Qoşulmama Hərəkatı və
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası da daxil olmaqla
çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı
əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi
vurğulanıb.
Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri,
eləcə də mina təhlükəsinin qarşısının alınması tədbirləri barədə
məlumat verib.

