
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Çin Xalq Respublikasının sədrliyi altında BMT Təhlükəsizlik
Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edilməsi və BMT
mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda açıq
debatında çıxış edib.
Bu barədə Trend
Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın beynəlxalq hüquqa,
çoxtərəfli əməkdaşlığa və Birləşmiş Millətlər Təşkilatının müasir
qlobal çağırışların həllində mərkəzi roluna sarsılmaz sadiqliyini
bir daha təsdiqləyib.
Nazir vurğulayıb ki, artan geosiyasi qütbləşmə, birtərəfli
addımların güclənməsi və beynəlxalq hüququn davam edən pozuntuları
fonunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə
qarışmama prinsiplərinə universal və ayrı-seçkiliyə yol vermədən
riayət olunmasının təmin edilməsi son dərəcə vacibdir.
Çıxış zamanı beynəlxalq hüquqa zidd əməllərə görə məsuliyyətin
gücləndirilməsinin, ədalətin təşviqinin və münaqişələrin dağıdıcı
nəticələrini aradan qaldıran ölkələrə dəstəyin, o cümlədən məcburi
köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri
qayıtmasının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir, həmçinin BMT sisteminin daha effektiv, inklüziv və çevik
olmasının zəruriliyini, o cümlədən inkişaf etməkdə olan ölkələrin
maraq və təmsilçiliyini daha dolğun əks etdirmək üçün Təhlükəsizlik
Şurasının islahatının irəlilədilməsini diqqətə çatdırıb.
Azərbaycanın Qlobal çoxtərəfliliyə töhfəsinin Qoşulmama
Hərəkatına uğurlu sədrliyi, COP29 və Dünya Şəhərsalma Forumuna ev
sahibliyi, eləcə də hazırkı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi vasitəsilə davam etdiyi
bir daha təsdiqlənib.

