28 May – Müstəqillik Günü Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir – Deputat

Baş səhifə

Bakı. Trend:

28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik
dövlətçilik tarixinin ən şərəfli və qürurverici səhifələrindən
biridir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

O qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti yalnız xalqımız üçün deyil, bütövlükdə Şərq və
müsəlman dünyası üçün mühüm tarixi hadisə olub:

“Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman aləmində
ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika kimi
tarixə düşmüşdür. Bu, xalqımızın yüksək siyasi təfəkkürə, milli
şüura və müstəqil dövlət qurmaq iradəsinə malik olduğunu bütün
dünyaya nümayiş etdirdi.

1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi
Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının rəsmi
ifadəsi idi. Həmin tarixi sənəd xalqımızın milli dövlətçilik
ənənələrini yenidən dirçəltdi, Azərbaycanın müstəqil dövlət kimi
dünya siyasi xəritəsində yer almasının əsasını qoydu. Azərbaycan
Xalq Cümhuriyyəti qısa müddət – cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm və tarixi addımlar
atmağa nail olub.

Həmin dövrdə milli parlament və hökumət formalaşdırılmış, dövlət
atributları təsis edilib, Azərbaycan vətəndaşlığı institutu
yaradılıb, milli ordu quruculuğuna başlanılıb. Azərbaycan Xalq
Cümhuriyyəti bütün vətəndaşlara milli, dini, irqi və sosial
mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verməklə
demokratik dövlətçilik ənənələrinin əsasını qoyub. Bu baxımdan
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən qabaqcıl və mütərəqqi
dövlətlərindən biri hesab edilirdi”.

A.Həsənova qeyd edib ki, Cümhuriyyət dövründə təhsil və
maarifçilik sahəsində də mühüm addımlar atılıb:

“Tədrisin ana dilində aparılması ilə bağlı qərarların qəbul
edilməsi, Bakı Dövlət Universitetinin yaradılması, milli kadr
hazırlığı istiqamətində həyata keçirilən tədbirlər xalqımızın
intellektual inkişafına böyük töhfə verdi. Eyni zamanda hüquq və
məhkəmə sisteminin formalaşdırılması, ədliyyə orqanlarının
yaradılması müstəqil dövlət institutlarının qurulması baxımından
xüsusi əhəmiyyət daşıyırdı.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində
də ölkəmizin milli maraqlarını müdafiə etməyə çalışıb, dünyanın
aparıcı dövlətləri ilə diplomatik əlaqələrin qurulması
istiqamətində mühüm addımlar atıb. Paris Sülh Konfransında
Azərbaycanın tanınması uğrunda aparılan diplomatik fəaliyyət
ölkəmizin beynəlxalq hüququn subyekti kimi qəbul edilməsində mühüm
rol oynadı. Məhz həmin tarixi fəaliyyət nəticəsində Azərbaycan
dövlətçiliyi xalqımızın yaddaşında və beynəlxalq siyasi düşüncədə
qorunub saxlanıldı”.

A.Həsənova vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi
və mənəvi irsi müasir müstəqil Azərbaycan Respublikasının əsas
ideoloji və dövlətçilik dayaqlarından biridir:

“Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin
tariximizdəki rolunu yüksək qiymətləndirərək müasir Azərbaycanın
məhz həmin dövlətin varisi olduğunu dəfələrlə vurğulayıb. Ümummilli
Liderin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə
etməkdən qat-qat çətindir. XX əsrin sonlarında xalqımız yenidən
müstəqilliyini bərpa etsə də, ölkə ciddi təhlükələrlə üz-üzə idi.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və
xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövlətçiliyi qorunub
saxlanıldı, ölkədə sabitlik təmin edildi və müstəqil inkişafın
möhkəm təməlləri yaradıldı.

Xüsusilə qeyd edilməlidir ki, üçrəngli dövlət bayrağımızın ilk
dəfə yenidən rəsmi şəkildə ucaldılması da məhz Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır. 1990-cı ildə Naxçıvan Muxtar
Respublikasında üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul
edilməsi xalqımızın müstəqillik arzularının daha da güclənməsinə
səbəb olub.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq
Cümhuriyyətinin idealları uğurla yaşadılır və inkişaf etdirilir.
Dövlətimizin suverenliyi və milli maraqları qətiyyətlə qorunur,
ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etmiş, üçrəngli dövlət
bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla
dalğalanmağa başlayıb. Bu, xalqımızın milli birliyinin, güclü
dövlət iradəsinin və tarixi ədalətin təntənəsidir”.

Deputat vurğulayıb ki, 2021-ci ildə qəbul edilən “Müstəqillik
günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi qeyd
olunması da dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz
nümunəsidir:

“Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə Müstəqillik
Gününü qeyd edir. Çünki xalqımız artıq qalib, müzəffər və güclü
dövlətin vətəndaşıdır. Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının arzuları bu gün müstəqil, qüdrətli və suveren
Azərbaycan Respublikasında yaşayır və həyata keçirilir.

28 May – Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi, sarsılmaz
və dönməz olmasını arzulayıram. Yaşasın müstəqil Azərbaycan!”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir