
Bakı. Trend:
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti
ilə Havana şəhərində rəsmi qəbul keçirilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Qəbulda fəxri qonaq qismində Kubanın ədliyyə naziri xanım
Rosabel Qamon Verde və xarici işlər nazirinin müavini Elio Rodriqez
Perdomo, həmçinin, Kuba XİN-in, Mərkəzi Komitənin, dövlət
qurumlarının, diplomatik korpusun, KİV və ictimaiyyətin
nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikası və Kuba
Respublikasının Dövlət himnləri səsləndirilib.
Sonra ölkəmizin Kubdakı səfiri Ruslan Rzayev çıxış edərək, 28
may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət
kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən
bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş bu Respublikanın
xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə
çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli
nailiyyətləri qeyd edib.
R.Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa
etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin
yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə
etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin
strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri
üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən
sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan
azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə
danışıb.
R.Rzayev Azərbaycanın son illərdə mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi etdiyini, bu xüsusda 17-22 may tarixlərində ölkəmizdə
baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
Çıxışı zamanı Azərbaycan-Kuba əlaqələrinə toxunan R.Rzayev son
müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət
dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli
səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da
inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.
Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında
məlumatların əks olunduğu video çarxlar, o cümlədən “Şəhərsalma və
Memarlıq İli” çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə
əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” sərgisi nümayiş olunub.
Sonda qonaqlara, həmçinin, Azərbaycan mətbəxinin şirin təamları
təqdim olunub.

