
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın
tədricən yavaşlayacağını və 2028–2031-ci illərdə 4 faiz
səviyyəsində sabitləşəcəyini gözləyir.
Trend xəbər
verir ki, fondun proqnozlarına əsasən, Azərbaycanda istehlak
qiymətləri indeksi 2026-cı ildə 6 faiz təşkil edəcək, bundan sonra
2027-ci ildə 4,2 faizə enəcək və 2028–2031-ci illərdə hər il 4 faiz
səviyyəsində sabitləşəcək.
Müqayisə üçün qeyd olunur ki, ölkədə inflyasiya 2023-cü ildə 2,1
faiz təşkil edib, 2024-cü ildə 4,9 faizə yüksəlib və 2025-ci ildə
5,2 faizə çatıb.
“İnflyasiyanın Yaxın Şərqdəki müharibə səbəbindən idxal olunan
ərzaq inflyasiyasının artması fonunda 2026-cı ilin sonuna qədər 6
faizə yüksələcəyi gözlənilir ki, bu da real gəlirləri və tələbi
azalda bilər. Bununla yanaşı, cari əməliyyatlar balansının
profisitinin karbohidrogen qiymətlərinin artması hesabına 2026-cı
ildə əhəmiyyətli dərəcədə artacağı, daha sonra isə orta müddətli
perspektivdə tədricən azalacağı gözlənilir”, – BVF-nin hesabatında
bildirilir.
BVF hesab edir ki, inflyasiya təzyiqləri davam edərsə, Mərkəzi
Bank əsas faiz dərəcəsini artırmalıdır. Eyni zamanda qeyd olunur
ki, proqnoz dövründə inflyasiyanın azalacağı gözlənsə də, yüksək
xarici qeyri-müəyyənlik və Yaxın Şərqdə davam edən münaqişə
səbəbindən qiymət artımı riskləri fonunda inflyasiya risklərini
diqqətlə izləmək və mümkün kənarlaşmalara operativ reaksiya vermək
vacibdir.
Fond həmçinin vurğulayır ki, Mərkəzi Bank pul-kredit siyasətini
həyata keçirərkən inflyasiya proqnozlarına əsaslandıqca, aydın və
perspektivə yönəlmiş kommunikasiya daha da vacib olur.
“Banklararası bazarda faiz dərəcələri əsas faiz dərəcəsinə yaxın
qalır ki, bu da AMB tərəfindən artıq likvidliyin effektiv idarə
olunmasını əks etdirir. Bununla belə, monetar siyasətin
iqtisadiyyata ötürülməsini yaxşılaşdırmaq üçün risksiz gəlirlilik
əyrisinin daha da inkişaf etdirilməsi, eləcə də dollarlaşmanın,
yüksək əməliyyat xərclərinin və bank sektorunda aşağı rəqabətin
azaldılması daxil olmaqla struktur islahatlarının davam etdirilməsi
tələb olunacaq”, – BVF-nin hesabatında qeyd olunur

