2030-cu ilə qədər Yer kürəsində rekord dərəcədə isti olacaq – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) iqlim böhranının
sürətlə dərinləşdiyi barədə xəbərdarlıq edib. Təşkilatın yeni
hesabatına əsasən, 2030-cu ilə qədər Yer kürəsində rekord dərəcədə
isti illərin qeydə alınacağı gözlənilir.

Trend bu
barədə xarici mediaya istinadən xəbər verir.

Mütəxəssislər bildirirlər ki, ilin sonlarında baş verməsi
gözlənilən “El Nino” hava hadisəsi qlobal temperaturun daha da
artmasına səbəb ola bilər. Hesabata görə, yeni temperatur
rekordunun artıq 2027-ci ilə qədər qeydə alınması ehtimalı
yüksəkdir.

Qeyd olunur ki, qazıntı yanacaqlarından yaranan karbon
emissiyalarının artması atmosferdə istiliyin saxlanmasını
gücləndirir və bu da dünyanın müxtəlif bölgələrində ekstremal hava
hadisələrinin çoxalmasına gətirib çıxarır. Son günlər Böyük
Britaniya və Avropada müşahidə olunan rekord istilər də bunun
nümunəsi hesab edilir.

Araşdırmalara əsasən, qlobal istiləşmə hər dəqiqə insan həyatına
təsir göstərir və emissiyalar sürətlə azaldılmasa, iqlim böhranının
qurbanlarının sayı daha da artacaq.

Böyük Britaniya Meteorologiya İdarəsinin ÜMT üçün hazırladığı
hesabatda qeyd olunur ki, 2026-2030-cu illər arasında ən azı bir
ilin 2024-cü ili geridə qoyaraq tarixdə ən isti il olması ehtimalı
86 faizdir. Eyni dövrdə orta qlobal temperaturun sənaye dövründən
əvvəlki göstəricidən 1,5 dərəcə selsidən çox yüksək olacağı
ehtimalı isə 75 faiz qiymətləndirilir.




Paris İqlim Sazişində qlobal temperatur artımının 1,5 dərəcə ilə
məhdudlaşdırılması hədəflənsə də, hazırkı şəraitdə buna nail
olunmasının çətin olduğu bildirilir. Bununla belə, təcili tədbirlər
görülərsə, temperatur artımını 2 dərəcə həddində saxlamağın mümkün
ola biləcəyi vurğulanır.

ÜMT-nin hesabatında 2026-2030-cu illər ərzində hər hansı bir
ildə temperaturun sənaye dövründən əvvəlki göstəricini 2 dərəcə
üstələməsi ehtimalının 1 faizdən az olduğu qeyd edilir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının proqnozuna
əsasən, “El Nino” hadisəsinin 2026-cı ilin dekabrından 2027-ci ilin
fevralına qədər 96 faiz ehtimalla baş verəcəyi gözlənilir. “Super
El Niño” ssenarisinin başvermə ehtimalı isə 35 faiz
qiymətləndirilir.

Mütəxəssislərin sözlərinə görə, “El Nino” Sakit okeanda
küləklərin dəyişməsi nəticəsində yaranır və okeanda toplanan
istiliyin atmosferə ötürülməsinə səbəb olur.

Hesabatda həmçinin Arktikanın qlobal orta göstəricidən üç
dəfədən çox sürətlə isinəcəyi bildirilib. Növbəti beş qış
mövsümündə bölgədə temperaturun orta göstəricidən 2,8 dərəcə yüksək
olacağı proqnozlaşdırılır.

Yağıntılarla bağlı proqnozlara görə isə Şimali Avropa, Alyaska
və Sibirdə növbəti beş ildə may-sentyabr aylarında normadan artıq
yağıntı müşahidə olunacaq. Amazon bölgəsində isə daha quraq hava
şəraitinin hökm sürəcəyi ehtimal edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir