
Bakı. Trend:
Ötən sutka ərzində (27 may) İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya
nəticəsində Hörmüz boğazından 26 gəmi keçib.
Trend xəbər
verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.
Məlumata görə, boğazdan neft tankerləri, konteyner gəmiləri və
başqa ticarət gəmiləri keçib və onların təhlükəsizliyi təmin
edilib.
“Hörmüz boğazından keçmək üçün icazə almaq və koordinasiya etmək
mütləqdir. Öncə də elan olunduğu kimi başqa vasitələrlə bu boğazdan
keçmək pozuntu halı kimi qeydə alınacaq və lazımi addımlar
atılacaq.
Ötən gecə bir neçə gəmi izləmə sistemlərini söndürməklə qanunsuz
şəkildə Fars körfəzinə daxil olmağa cəhd edib. SEPAH-ən Hərbi Dəniz
Qoşunları bir neçə dəfə xəbərdarlıq etdikdən sonra iki gəmini
saxlayıb, qalan gəmilər isə geri qayıtmağa məcbur olub”, -deyə
məlumatda qeyd olunur.
SEPAH bildirir ki, ABŞ ordusu atəşkəsi pozaraq Bəndər Abbas
şəhəri aeroportunun boş ərazisinə bir neçə raket atıb. Nəticədə heç
bir xəsarət qeydə alınmayıb. ABŞ-nin hücumu həyata keçirən
aviabazasına qarşılıqlı cavab verilib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında
baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə
gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

