
Bakı. Trend:
Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf
proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis
İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Vilnüs
şəhərinə səfər edib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində MN-nin Daxili Təhlükəsizlik və
Təhqiqat Baş İdarəsi rəisinin müavini-Hərbi Polis İdarəsinin rəisi
general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva MN-nin
Hərbi Polis İdarəsinin inzibati binasını ziyarət edib, hərbi polis
xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti
fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.
Burada qonaqlara Litva hərbi polisinin sülh və müharibə dövründə
vəzifələri, eləcə də NATO tərkibində fəaliyyətləri barədə
brifinqlər təqdim olunub.
Görüşdə, həmçinin, hərbi polis sahəsində əməkdaşlığın mövcud
vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Şəxsi heyətin peşəkar hazırlığının artırılması və birgə
fəaliyyət imkanlarının artırılması məqsədilə qarşılıqlı təcrübə
mübadiləsinin genişləndirilməsi məsələləri vurğulanıb.

