Yeni Dövlət Proqramı kənd sahibkarlığının inkişafına müsbət təsir göstərəcək – Şərh

Baş səhifə

Bakı. Trend:

Yeni Dövlət Proqramı kənd təsərrüfatında bir neçə əsas problemin
həllinə yönəlir. Burada ən vacib məsələlər məhsuldarlığın
artırılması, su və torpaq resurslarından səmərəli istifadə, emal
sənayesinin genişləndirilməsi, fermerlərin bazara çıxış
imkanlarının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin
gücləndirilməsidir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat
İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin
müdiri, iqtisad elmləri doktoru Yunus Sadıqov Trend-ə açıqlamasında
bildirib ki, real nəticələr qısa müddətdə tam görünməyə bilər. Onun
sözlərinə görə, ilkin təsirlər 1–2 il ərzində, daha ciddi nəticələr
isə proqramın orta mərhələsində, yəni 2028-ci ildən sonra daha
aydın hiss oluna bilər:

“Rayonlar üzrə buğda məhsuldarlığında fərqlərin yaranmasının
əsas səbəbləri bir amillə izah olunmur. Burada iqlim şəraiti,
torpağın keyfiyyəti, suvarma imkanları, toxum materialı, texnika
ilə təminat və fermerin aqrotexniki bilikləri birlikdə rol oynayır.
Amma mənim fikrimcə, hazırkı şəraitdə suvarma və texnologiya amili
daha həlledicidir. Eyni iqlim şəraitində belə müasir suvarma,
keyfiyyətli toxum və düzgün aqrotexniki qulluq tətbiq olunan
sahələrdə məhsuldarlıq daha yüksək olur”.

Ekspert fermerlərin hazırda qarşılaşdığı problemlərə də diqqət
çəkib. O qeyd edib ki, bu gün fermerlərin ən çox qarşılaşdığı
çətinliklər suvarma suyuna çıxış, keyfiyyətli toxum və gübrələrin
qiyməti, texnika və maliyyə imkanlarının məhdudluğu, məhsulun
saxlanması və satışında yaranan problemlərlə bağlıdır:

“Bu problemlərin həlli üçün fermerlərə verilən dəstək yalnız
subsidiya formasında deyil, həm də məsləhət xidməti, texnologiyaya
çıxış, logistika, emal və bazar əlaqələri formasında
genişləndirilməlidir.




Subsidiyalar məhsuldarlığa müsbət təsir göstərə bilər, amma
təkbaşına subsidiya həmişə yüksək nəticə vermir. Əsas məsələ
dəstəyin nəticəyə bağlı olmasıdır. Yəni fermer daha məhsuldar,
keyfiyyətli və bazaryönümlü istehsala keçdikcə dövlət dəstəyi də
onu stimullaşdırmalıdır. Mövcud mexanizmlərdə əsas boşluq bəzən
dəstəyin real səmərəlilik və məhsuldarlıq göstəriciləri ilə kifayət
qədər əlaqələndirilməməsidir”.

Yunus Sadıqov qeyd edib ki, suvarma sistemi və torpaq
problemləri məhsuldarlığa birbaşa təsir edir. Su çatışmazlığı,
köhnəlmiş suvarma kanalları, torpaqların şoranlaşması və
münbitliyin azalması kənd təsərrüfatında ciddi risklər yaradır. Bu
istiqamətdə damcı və yağmurlama suvarma sistemlərinin
genişləndirilməsi, torpaq analizlərinin aparılması, drenaj
sistemlərinin yaxşılaşdırılması və su itkilərinin azaldılması
vacibdir:

“Müasir texnologiyaların tətbiqi bölgələrdə məhsuldarlığın
artmasına real təsir göstərə bilər. İntensiv əkinçilik, dəqiq
əkinçilik texnologiyaları, rəqəmsal monitorinq, müasir texnika,
keyfiyyətli toxum və düzgün gübrələmə sistemi fermerin həm məhsul
həcmini, həm də gəlirini artıra bilər. Amma bunun üçün fermerlərin
maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Texnologiya verilir,
amma ondan düzgün istifadə olunmursa, gözlənilən nəticə
alınmır”.

Ekspertin sözlərinə görə, Dövlət Proqramından əsas gözlənti
yerli istehsalın güclənməsi, idxaldan asılılığın müəyyən məhsullar
üzrə azalması və ərzaq təhlükəsizliyinin daha dayanıqlı təmin
olunmasıdır. Bunun üçün taxılçılıq, yem bazası, tərəvəzçilik,
meyvəçilik, heyvandarlıq, emal sənayesi və saxlama-logistika
infrastrukturu prioritet istiqamətlər kimi inkişaf
etdirilməlidir.

“Uzunmüddətli perspektivdə bu proqram regionlarda məşğulluğa və
kənd sahibkarlığının inkişafına da müsbət təsir göstərə bilər.
Çünki kənd təsərrüfatı yalnız məhsul istehsalı deyil, həm də emal,
qablaşdırma, daşınma, satış və ixrac zənciridir. Bu zəncir inkişaf
etdikcə kənd yerlərində yeni iş yerləri yaranır, ailə
təsərrüfatlarının gəlirləri artır və regionların iqtisadi fəallığı
güclənir. Əsas məsələ proqramın yerlərdə real icrası, fermerlər
üçün əlçatan olması və nəticələrin davamlı şəkildə izlənməsidir”, –
ekspert vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir