
Bakı.Trend
İyunun 10-da ABŞ-nin paytaxtı Vaşinqtonda Transxəzər Forumu
(Trans-Caspian Forum 2026) keçiriləcək.
Trend “Caspian
Policy Center”ə istinadən xəbər verir ki, forum “Sülh və dayanıqlı
tərəfdaşlıq vasitəsilə iqtisadi təhlükəsizlik” şüarı altında baş
tutacaq.
Tədbir ABŞ və Xəzər regionu ölkələrinin hökumətlərinin yüksək
vəzifəli nümayəndələrini, aparıcı ekspertləri və özəl sektor
rəhbərlərini bir araya gətirəcək.
Müzakirələrin əsas mövzusu ABŞ ilə Böyük Xəzər regionu ölkələri
arasında strateji tərəfdaşlığın inkişafı olacaq.
Forumda ABŞ dövlət katibinin müavini Kristofer Landau,
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev, Qazaxıstan Prezidentinin ABŞ ilə
danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan, Özbəkistan Prezidenti
müşavirinin xarici siyasət məsələləri üzrə müavini Javlon Vaxabov,
Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov və Xəzər
regionunun digər yüksək vəzifəli nümayəndələri iştirak
edəcəklər.
Forumun gündəliyinə regionun strateji baxışı və Xəzər
əməkdaşlığının yeni mərhələsinin perspektivləri, Orta Dəhlizin
inkişafı, rəqəmsal suverenlik və sənaye süni intellekti, kritik
əhəmiyyətli faydalı qazıntılar, Xəzər hövzəsinin enerji
təhlükəsizliyi, regionda nüvə energetikasının inkişafı, eləcə də
Orta Dəhliz boyunca biznes layihələrinə investisiyaların cəlb
edilməsi məsələləri daxil edilib.

