Şuşanın Böyük Qaladərəsi kəndində 17 fərdi yaşayış evi yenidən qurulub

Baş səhifə

Bakı. Trend:

Şuşa rayonunun Böyük Qaladərəsi kəndində bərpa-quruculuq
işlərinin ilk mərhələsi çərçivəsində 17 fərdi yaşayış evi yenidən
qurulub.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, kənddə əhalinin yaşayışı üçün zəruri
infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər
həyata keçirilir:

“Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunub, 2023-cü ildə isə Azərbaycan Ordusunun keçirdiyi antiterror
tədbirləri nəticəsində azad edilib. Əraziyə yeni transformator
quraşdırılıb, elektrik xətləri çəkilib və mövcud şəbəkə yenilənib.
İlk mərhələdə istifadəyə veriləcək evlər sayğaclarla təmin olunub.
Eyni zamanda kəndə yeni qaz xətti çəkilib, qaz sayğaclarının
quraşdırılmasına başlanılıb. İçməli su təminatının
yaxşılaşdırılması məqsədilə paylayıcı su xətləri çəkilib və
sayğaclar quraşdırılıb. Hazırda rabitə infrastrukturu üzrə işlər
davam etdirilir”.




İ.İsmayılov əlavə edib ki, kənddaxili yollar abadlaşdırılıb,
sakinlərin istirahəti üçün park salınıb və Bayraq meydanı inşa
edilib:

“Böyük Qaladərəsi kəndində ümumilikdə 50 fərdi yaşayış evi
mövcuddur. Onlardan 13-ü tam yararsız vəziyyətdədir, 37 ev isə
qismən yararlıdır. İlk mərhələdə 17 evin bərpası başa çatdırılıb,
növbəti mərhələdə daha 20 evin təmiri nəzərdə tutulur”.

Qeyd edək ki, kəndə ilkin mərhələdə 14 ailə olmaqla ümumilikdə
64 nəfər köçürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir