
Bakı.Trend:
Yeni kəşf Qərbi Afrikada qədim insanların mənşəyi haqqında
təsəvvürləri dəyişir. Alimlər müəyyən ediblər ki, hələ 150 min il
əvvəl qədim insanlar sıx tropik meşələrdə yaşayıblar. Bu isə
indiyədək mümkün hesab ediləndən iki dəfədən çox qədim dövrə
aiddir.
Trend xəbər verir
ki, kəşflə bağlı məqalə Nature jurnalında dərc olunub.
İndiyədək arxeoloqlar əmin idilər ki, ilk Homo sapiens
cəngəlliklərdən uzaq durur, savannalara, sahil ərazilərinə və açıq
məkanlara üstünlük verirdilər.
Araşdırma Kot-d’İvuarda yerləşən Bete I arxeoloji abidəsinin
yenidən öyrənilməsi ilə başlayıb. Həmin ərazi ilk dəfə hələ 1980-ci
illərdə tədqiq edilib.
O zaman alimlər daş alətlər aşkar etsələr də, texnologiyalar
onların yaşını dəqiq müəyyən etməyə imkan vermirdi. İndi isə
tədqiqatçılar optik stimullaşdırılmış lüminessensiya və elektron
spin rezonansı da daxil olmaqla müasir tarixləndirmə metodlarından
istifadə edərək heyrətamiz nəticə əldə ediblər: insanlar bu
meşələrdə təxminən 150 min il əvvəl yaşayırmış.

