Xocalıda ildə 1,4 milyon ədəd tekstil məhsulu istehsal ediləcək

Baş səhifə

Bakı. Trend:

Xocalıda fəaliyyət göstərəcək “Qarabağ Tekstil Evi” MMC-nin
istehsalat müəssisəsində ildə 1,4 milyon ədəd tekstil məhsulunun
istehsalı planlaşdırılır.

Müəssisənin təsisçisi Rizvan Təhməzov Trend-in Qarabağ bürosuna
bildirib ki, fabrik Türkiyə və Çin texnologiyaları əsasında qurulub
və müasir avadanlıqlarla təchiz edilib.

Onun sözlərinə görə, ilkin mərhələdə müəssisədə müxtəlif ölçü və
çeşidlərdə ev tekstili məhsulları, o cümlədən yataq dəstləri,
çarpayı və divan örtükləri, eləcə də dəsmallar istehsal
olunacaq.

Bildirilib ki, istehsal olunan məhsullar daxili bazarın
tələbatını ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.
İstehsalda istifadə olunan xammalın bir hissəsi yerli bazardan,
digər hissəsi isə Türkiyə, Özbəkistan və Çindən təmin olunacaq.

Hazırda müəssisədə 85 nəfər daimi işlə təmin edilib. İşçilərin
əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf
rayonlarda yaşayan vətəndaşlardır.




Bundan əlavə, Xocalı və Ağdam rayonlarından olan 40 nəfər Dövlət
Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən iki aylıq peşə
hazırlığı kurslarına cəlb olunacaq. Təlimləri uğurla başa vuran
şəxslərin müəssisədə işlə təmin olunması nəzərdə tutulur.

Təsisçi gələcəkdə iş yerlərinin sayının 200 nəfərə
çatdırılmasının və əlavə olaraq geyim istehsalının təşkilinin
planlaşdırıldığını qeyd edib.

Müəssisənin ilkin investisiya dəyəri 4,2 milyon manat təşkil
edir. Bunun 3,2 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu
tərəfindən güzəştli kredit şəklində ayrılıb, 1 milyon manatı isə
özəl investisiya hesabına maliyyələşdirilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün
yaradılan investisiya və biznes mühiti regionda iqtisadi
fəaliyyətin genişlənməsinə və yeni iş yerlərinin açılmasına şərait
yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir