
Bakı. Trend:
Hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda
Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Məqsəd valideyn
himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən
himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları
dəstəkləməkdir.
Trend xəbər verir ki,
Prezident İlham Əliyevin 2023-cü il 12 iyul tarixində imzaladığı
qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu
tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş
istifadə olunan “Himayədar ailə” modeli valideyn himayəsindən
məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında,
ödənişli əsaslarla ailə mühitində yaşaması və inkişafını, qayğı ilə
əhatə olunmasını təmin edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 78 uşaq himayədar
ailələrə verilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq
Agentliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın
himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır.
Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü
rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda
1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4,
Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə
2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır.
Nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də
edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq
355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası
uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan
uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq
şəkildə 500, 600 və 650 manat təşkil edir.
Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi
geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər
uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir.

