Neft-qaz sektorunda məqsəd riskləri öncədən proqnozlaşdırmaqdır – “Caspian AI Institute”

Baş səhifə

Bakı. Trend:

Neft-qaz sənayesində süni intellektin tətbiqində əsas prioritet
təhlükəsizlikdir və bu səbəbdən tam avtomatlaşdırılmış, qapalı
dövrəli sistemlərə keçid mərhələli şəkildə həyata
keçirilməlidir.

Trend xəbər
verir ki, bunu “Caspian AI Institute”un maşın öyrənməsi üzrə
meneceri Ülvi Zamanbəyov bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel
müzakirələrində deyib.

Onun sözlərinə görə, neft-qaz sektoru yüksək riskli sahə
olduğundan burada səhvlərin qiyməti çox böyükdür və bütün
qərarların mərkəzində təhlükəsizlik dayanmalıdır.

“Biz hər şeyi dərhal tam avtomatlaşdırmağa çalışmırıq. İlk
növbədə sistemlərin təhlükəsizliyinə əmin olmaq, insan nəzarətini
qorumaq və biznes tərəfinin proseslərdə maksimum iştirakını təmin
etmək vacibdir. Yalnız bundan sonra daha geniş avtomatlaşdırmaya
keçmək mümkündür”, – deyə o bildirib.

Ü.Zamanbəyov qeyd edib ki, sənayedə əsas məqsəd reaktiv
yanaşmadan proqnozlaşdırıcı və tövsiyəedici yanaşmaya keçiddir.

“Biz problemlər baş verdikdən sonra onları həll etmək əvəzinə,
riskləri əvvəlcədən müəyyənləşdirmək, hasilatı proqnozlaşdırmaq və
ən optimal fəaliyyət variantlarını təklif etmək istiqamətində
çalışırıq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, SOCAR-ın təşəbbüsü ilə yaradılmış “Caspian
AI Institute” müxtəlif sahələr üzrə mütəxəssisləri bir araya
gətirərək süni intellekt həllərinin hazırlanması üzərində
işləyir.




“Komandamızda geoloqlar, kimya mühəndisləri, proqram təminatı və
məlumat elmi üzrə mütəxəssislər fəaliyyət göstərir. Bu yanaşma
biznes ehtiyaclarını və sahəyə xas xüsusiyyətləri daha yaxşı
anlamağa imkan verir. Layihələrin hazırlanması zamanı istifadəçi
tərəfinin nümayəndələrinin məhsul sahibi kimi prosesə cəlb olunması
da mühüm əhəmiyyət daşıyır”, – deyə Ü.Zamanbəyov bildirib.

O əlavə edib ki, institut ayrı-ayrı problemlərin həllindən daha
çox, şirkət üzrə geniş istifadə oluna bilən miqyaslana bilən
məhsulların yaradılmasına üstünlük verir.

Panel zamanı təqdim edilən layihələrdən biri də hazırda SOCAR
ilə birgə hazırlanmaqda olan “Virtual Flow Meter” sistemi olub.

Ü.Zamanbəyovun sözlərinə görə, bu layihə quyularda hasilatın
daha dəqiq qiymətləndirilməsi üçün “yumşaq sensor” (soft sensor)
texnologiyasına əsaslanır.

“Əvvəllər bir çox hallarda quyunun hasilatı ayda bir dəfə
ölçülür və həmin göstəricinin bütün ay ərzində dəyişməz qaldığı
qəbul edilirdi. Halbuki hasilat davamlı olaraq dəyişir. “Virtual
Flow Meter” sistemi təzyiq, temperatur və tənzimləyici
avadanlıqların göstəriciləri kimi yüksək tezlikli məlumatlardan
istifadə edərək hasilatı saatlıq və ya gündəlik əsasda
proqnozlaşdırmağa imkan verir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma hasilat proseslərinin daha dəqiq
monitorinqinə, qərar qəbuletmənin təkmilləşdirilməsinə və əməliyyat
səmərəliliyinin artırılmasına şərait yaradır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir