
Bakı. Trend:
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci
mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2026-cı il
iyunun 1-dən iyunun 8-dək aparılacaq.
Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər
şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə
DİM-in müvafiq internet səhifəsinə
(https://eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil
olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək
qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ
barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat
verilir) edirlər.
Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası
vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin)
imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi
köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən
edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq
icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla
əldə olunur.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş
abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən
fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
3 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi)
imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul
imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin
abituriyentlər 21 iyunda keçiriləcək II Azərbaycan dili
imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə
buraxılmayacaqlar.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci
mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun
5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III
ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən
abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də
keçiriləcək.

