
Bakı. Trend:
Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində 31-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) öz işinə
başlayıb.
Neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və
beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu
sərgidə yerli KOB-lar da təmsil olunur. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) KOB-lara dəstək məqsədilə qurduğu
xüsusi stenddə alternativ və bərpa olunan enerji, aqrar
texnologiyalar, sənaye, İKT, avtomatlaşdırma sistemləri, ekologiya
və ətraf mühit xidmətləri sahələrində fəaliyyət göstərən 10-a yaxın
KOB subyektinin məhsul və xidmətləri sərgilənir.
KOB-ların sərgidə iştirakına göstərilən dəstək onların neft-qaz
sektorunun təchizat zəncirində iştirakının artırılmasına,
əməkdaşlıq imkanlarının genişləndirilməsinə, məhsul və
xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, eləcə də satış və
bazarlara çıxış imkanlarının artırılmasına xidmət edir. “Caspian
Oil & Gas” sərgisində iştirak etməklə KOB subyektləri neft-qaz və
energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə
birbaşa əlaqələr quracaq, məhsul və xidmətlərini yerli və xarici
şirkətlərə təqdim edəcək, potensial təchizatçı kimi fəaliyyət
imkanlarını genişləndirəcək, eləcə də yeni əməkdaşlıq və
tərəfdaşlıq imkanları əldə edəcəklər.
“Caspian Oil & Gas” sərgisi iyunun 3-dək davam
edəcəkdir.

