
Bakı. Trend:
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə
platformasının hazırlanmasına başlayır və bu platforma növbəti
tədris ilindən etibarən “Rəqəmsal Məktəb” platformasına inteqrasiya
ediləcək.
Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
rəhbəri Vüsal Xanlarov Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu platforma şagirdlərin öyrənmə prosesini
təhlil edərək onların bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş
tədris materialları, təhsil proqramları və istiqamətləndirici
resurslar təqdim edəcək:
“Layihə regionda ilk dəfə olaraq Azərbaycanda tətbiq olunacaq və
Azərbaycan dilində həm şagirdlərin, həm də müəllimlərin
istifadəsinə veriləcək. Platformanın əsas məqsədi süni intellekt
alətlərinin köməyi ilə təhsildə fərdi yanaşmanı təmin etməkdir.
Azərbaycandan əlavə, Sinqapur, Estoniya və İtaliyanın bəzi
məktəbləri də bu təşəbbüsə qoşulub.
Məhsul sentyabr ayından etibarən pilot layihə kimi Rəqəmsal
Məktəb platformasına inteqrasiya ediləcək və ilkin mərhələdə Bakı
məktəblərində tətbiq olunacaq. Əldə olunan nəticələr təhlil
edildikdən sonra layihənin əhatə dairəsi daha da genişləndiriləcək.
Bu razılaşmanın əldə olunması onu göstərir ki, Azərbaycan təhsil
sistemi süni intellekt texnologiyalarının tətbiqinə açıq yanaşır.
Təşəbbüs OpenAI-nin təhsil sahəsinə yönəlmiş həlləri çərçivəsində
həyata keçirilir. Layihə yeni olduğundan bütün ölkələrdə ilkin
olaraq pilot formatda tətbiq edilir. İlk mərhələdə 3-5 min şagirdin
layihəyə cəlb olunması nəzərdə tutulur. Sonrakı mərhələlərdə isə
platformanın daha çox məktəb və şagirdi əhatə etməsi
planlaşdırılır”, – o qeyd edib.

