“Saipem” Azərbaycanda “yaşıl” enerji və dekarbonizasiya layihələrini nəzərdən keçirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

“Saipem” şirkəti Azərbaycanda “yaşıl” enerji və dekarbonizasiya
sahəsində layihələrin həyata keçirilməsi imkanlarını
qiymətləndirir.

Bunu Trend
müsahibəsində “Saipem”in Azərbaycan, Qazaxıstan, Rumıniya və
Türkiyə üzrə regional meneceri Ernesto Ferlenqi deyib.

“Azərbaycan bizim üçün sadəcə növbəti bazar deyil. Bu, təxminən
30 il ərzində münasibətlər, etimad və texniki ekspertiza
formalaşdırdığımız ölkədir. Buradakı fəaliyyətimiz strateji
əhəmiyyət daşıyır, çünki Xəzər regionu dünyanın ən maraqlı və
uzunmüddətli enerji bölgələrindən biri olaraq qalır. Azərbaycan
siyasi sabitliyi, güclü institusional tərəfdaşları və dəniz
yataqlarının işlənməsi sahəsində dərin texniki təcrübəsi ilə
seçilir. Bütün bunlar mürəkkəb layihələrin həyata keçirilməsi üçün
etibarlı mühit yaradır”, – deyə E.Ferlenqi bildirib.

Onun sözlərinə görə, ölkənin neft-qaz sahəsində lider mövqeyini
qorumaqla yanaşı, enerji keçidinə hazırlıq istiqamətində aydın
strategiyaya malik olması xüsusilə cəlbedicidir.

Regional menecer qeyd edib ki, Azərbaycanda davamlılıq,
uzunmüddətli planlaşdırma və bp, Total, Adnoc kimi beynəlxalq
investorlarla əməkdaşlığa açıqlıq mövcuddur. Bu isə onilliklər
ərzində insan kapitalına, texnologiyalara və ekspertizaya sərmayə
yatıran şirkətlər üçün mühüm əhəmiyyət daşıyır.




“Biz Azərbaycanı ənənəvi enerji ilə yeni enerji həllərinin uzun
illər paralel şəkildə inkişaf edəcəyi ölkə kimi görürük. Neft-qaz
sektorunda dəniz yataqlarının işlənməsi, sualtı qurğular, mövcud
yataqların modernləşdirilməsi (“brownfield” layihələri) və qaz
infrastrukturu istiqamətlərində mühüm imkanlar qalmaqdadır. Bunlar
bizim güclü təcrübəyə malik olduğumuz və xüsusilə mürəkkəb
layihələrdə əlavə dəyər yarada bildiyimiz sahələrdir. Yeni
layihələrə yanaşmamız seçici və məsuliyyətlidir. Bizim üçün əsas
məqsəd həcmlər deyil, uzunmüddətli tərəfdaşlıq, texniki mükəmməllik
və ölkədə davamlı dəyər yaratmaqdır”, – deyə E.Ferlenqi
vurğulayıb.

O bildirib ki, şirkət eyni zamanda “yaşıl” enerji və
dekarbonizasiya istiqamətindəki layihələri də araşdırır.

“Enerji keçidi bizim üçün abstrakt anlayış deyil və artıq dünya
üzrə həyata keçirdiyimiz layihələrin ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanda dəniz külək enerjisi, enerji obyektlərinin
elektrikləşdirilməsi və qaz təchizatı zəncirinin dekarbonizasiyası
istiqamətlərində artan dinamika müşahidə edirik. Azərbaycanın dəniz
təcrübəsini və ixrac infrastrukturunu nəzərə alsaq, ölkə regional
enerji keçidində mühüm rol oynamaq potensialına malikdir.

Məqsədimiz praktik mühəndislik həlləri vasitəsilə bu prosesə
töhfə verməkdir. Bu, istər mövcud obyektlərin səmərəliliyinin
artırılması, istər karbon emissiyalarının idarə olunması
təşəbbüslərinin dəstəklənməsi, istərsə də Xəzər regionunda gələcək
bərpa olunan enerji layihələrində iştirak olsun. Bizim üçün əsas
məsələ bu gün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, gələcək
üçün daha dayanıqlı enerji sisteminin formalaşdırılmasına dəstək
verməkdir”, – deyə E.Ferlenqi yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir