AÇG strateji neft-qaz infrastrukturu layihəsinə çevrilib – Babək Hüseynov

Baş səhifə

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) strateji neft-qaz infrastrukturu
layihəsinə çevrilib.

Trend xəbər
verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji
Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, neft-qaz sənayesində upstream (hasilat və
işlənmə) sektorunun qarşısında duran əsas çağırışlar
dəyişməkdədir.

“Əvvəllər neft və qaz hasilatının əsas mənbəyi yeni yataqların
kəşfi, yeni regionların mənimsənilməsi və iri, xüsusilə də dəniz
layihələrinin həyata keçirilməsi idi. Bu gün isə əsas məsələ təkcə
yeni kəşflər deyil. Qarşıda duran əsas vəzifə mövcud yataqlardan
daha çox dəyər əldə etmək, mövcud infrastrukturdan səmərəli
istifadə etmək və bütün bunları daha sürətli həyata keçirməkdir”, –
deyə o bildirib.

Babək Hüseynov qeyd edib ki, mövcud yataqlarda hasilatın bərpa
əmsalının cəmi 1 faiz artırılması belə uzun illər ərzində enerji
tələbatının ödənilməsinə mühüm töhfə verə bilər.

O vurğulayıb ki, bu yanaşma kəşfiyyat işlərinin əhəmiyyətini
azaltmır, çünki ehtiyatların yenilənməsi baxımından yeni kəşflər
vacibdir. Lakin sənayedə diqqət getdikcə mövcud aktivlərdən
maksimum səmərə əldə olunmasına yönəlir.

SOCAR-ın vitse-prezidenti bu baxımdan “Azəri-Çıraq-Günəşli”
(AÇG) layihəsini nümunə göstərib.




“Yalnız dünən AÇG-dən qeyri-assosiasiyalı qazın hasilatı ilə
bağlı mühüm mərhələni qeyd etdik. AÇG son 30 il ərzində dünyanın ən
böyük neft yataqlarından biri kimi tanınıb. Lakin artıq bu layihəyə
yalnız neft yatağı kimi baxmırıq. AÇG bu gün həm neft, həm də qaz
potensialına malik strateji enerji infrastrukturu layihəsidir.
Layihənin altında böyük həcmdə resurslar mövcuddur və BP ilə
tərəfdaşlıq çərçivəsində həyata keçirilən inkişaf proqramları bizi
son dərəcə ruhlandırır”, – deyə o əlavə edib.

Babək Hüseynov bildirib ki, Azərbaycanın enerji sektorunda mühüm
yer tutan “Abşeron” qaz-kondensat yatağının işlənməsi zamanı əsas
prioritetlər ilk qazın daha tez əldə olunması, son hasilat
əmsalının artırılması, layihə həllərinin sadələşdirilməsi və
kapital intizamının qorunmasıdır.

“Bu layihələrin həm tərəfdaşlarımız, həm də Azərbaycan üçün
iqtisadi cəhətdən səmərəli olması vacibdir. Buna görə də onlar
sadə, sürətli və maliyyə intizamı prinsipləri əsasında icra
edilməlidir”, – deyə o qeyd edib.

SOCAR rəsmisi “Qarabağ” yatağının işlənməsinin isə fərqli
inkişaf modelini nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, layihə mövcud infrastrukturun imkanlarından
istifadə etməklə həyata keçirilir və bu yanaşma “infrastruktur
əsaslı inkişaf” modeli kimi tanınır.

“Qarabağ layihəsində çevik sualtı qoşulma həllərindən istifadə
olunur. Mövcud infrastruktura inteqrasiya hesabına layihənin icra
müddəti qısalır və hasilatın daha sürətlə başlanmasına imkan
yaranır. Bu infrastruktur Azərbaycanın enerji sektorunun ən dəyərli
aktivlərindən biridir”, – deyə Babək Hüseynov vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir