Müasir texnologiyalarla neftdə hasilat əmsalı 50%, qazda 70%-i keçə bilər – “ExxonMobil”

Baş səhifə

Bakı. Trend:

Müasir texnologiyalar sayəsində neft yataqlarında hasilat əmsalı
50 faizdən, qaz yataqlarında isə 70 faizdən yuxarı ola bilər.

Trend xəbər
verir ki, bunu “ExxonMobil” şirkətinin Qlobal Kəşfiyyat üzrə
vitse-prezidenti Con Ardil Bakı Enerji Həftəsinin ikinci günündə
keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, “ExxonMobil” 145 ildən artıq tarixə malik
qlobal enerji şirkəti olaraq bütün növ karbohidrogen resurslarının
inkişafı ilə məşğuldur. Con Ardil bildirib ki, şirkət xüsusilə
qeyri-ənənəvi resurslar sahəsində fəaliyyətini son onilliklərdə
daha da genişləndirib.

Vitse-prezident qeyd edib ki, ABŞ-də 1980–1990-cı illərdə
horizontal qazma və hidravlik parçalanma texnologiyalarının
inkişafı ilə başlayan proses daha sonra digər hövzələrə də yayılıb.
“ExxonMobil” bu istiqamətdə təxminən 20 il əvvəl strateji mövqe
qəbul edib və həmin vaxtdan etibarən qeyri-ənənəvi resurslara
yatırımlarını mərhələli şəkildə artırır.

Şirkət nümayəndəsi bildirib ki, bu sahədə əldə olunan nəticələr
xüsusilə ABŞ-də böyük dəyişikliklərə səbəb olub. Onun sözlərinə
görə, 2005-ci ildə ABŞ dünyanın ən böyük neft və qaz idxalçısı
olduğu halda, bu gün əsas istehsalçı ölkəyə çevrilib və bu artımın
böyük hissəsi qeyri-ənənəvi resurslar hesabına baş verib.

Con Ardil vurğulayıb ki, hazırkı mərhələdə Perm hövzəsində
gündəlik 1,6 milyon barrelə yaxın hasilat həyata keçirilir və bu
göstəricinin yaxın dövrdə 1,8 milyon barrelə çatdırılması
planlaşdırılır: “Bu təcrübə göstərir ki, texnoloji inkişafın
sürətlənməsi ilə dəyişikliklərin baş vermə müddəti də qısalır. Əgər
əvvəl bu transformasiya 20 il çəkirdisə, hazırda 5–10 il ərzində
baş verə bilər”.




Şirkət rəsmisi qeyd edib ki, dərin dəniz layihələri də bu
tendensiyanın nümunəsidir və Qayana kimi regionlar Anqolanı geridə
qoyaraq yeni rekordlar müəyyənləşdirir.

Onun sözlərinə görə, qeyri-ənənəvi resursların inkişafı üçün üç
əsas amil vacibdir: uyğun geoloji mühit, texnoloji imkanlar və
əlverişli kommersiya şərtləri.

Con Ardil bildirib ki, müasir texnologiyalar sayəsində neft
yataqlarında hasilat əmsalı 50 faizdən, qaz yataqlarında isə 70
faizdən yuxarı ola bilər: “Hazırda Perm hövzəsində bu göstərici 68
faiz civarındadır, lakin gələcəkdə texnologiyaların inkişafı ilə bu
rəqəmin daha da artırılması gözlənilir”.

O əlavə edib ki, hasilatın artırılması yataqların ömrünü
əhəmiyyətli dərəcədə uzada bilər və bu, şirkətlərin beynəlxalq
miqyasda fəaliyyət strategiyasına da təsir göstərir.

“Biz bu süxurlara həm mövcud, həm də inkişaf etdirilən
texnologiyalar prizmasından baxırıq. Məqsəd hasilat səmərəliliyini
artırmaq və uzunmüddətli dəyər yaratmaqdır”, – deyə “ExxonMobil”
rəsmisi vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir