
“Abşeron” qaz-kondensat yatağının ikinci mərhələsi üzrə layihələndirmə işləri başa çatıb və layihənin icra mərhələsinə bu il başlanması planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında TotalEnergies-in Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon deyib.
Onun sözlərinə görə, iki il əvvəl istismara verilən “Abşeron” yatağının ilkin hasilat mərhələsi gözlənilən nəticələri verib.
“Yatağın davranışı gözlədiyimiz kimi oldu və nəticələr çox müsbətdir. Sabit hasilat əldə etmişik və bu, ikinci mərhələyə başlamaq üçün bizə lazım olan bütün məlumatları və inamı verib”, – deyə o bildirib.
Emmanuel de Guillebon qeyd edib ki, TotalEnergies son üç ildə tərəfdaşları SOCAR və XRG ilə birlikdə ikinci mərhələnin texniki-iqtisadi əsaslandırılması üzərində işləyib.
“Hazırda bütün əsas müqavilələr üzrə tender mərhələsindəyik və ilin sonuna qədər layihənin icra mərhələsinə başlamağı planlaşdırırıq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ikinci mərhələ çərçivəsində hər birinin gündəlik hasilat gücü 40 min barel neft ekvivalenti olan üç yeni quyu qazılacaq. Hasilatın təxminən 70%-ni qaz, 30%-ni isə kondensat təşkil edəcək.
TotalEnergies rəsmisi bildirib ki, layihə çərçivəsində quyular sahillə 140 kilometrlik sualtı boru xətti ilə birləşdiriləcək və hasilat platforması qurulmadan birbaşa sahilə nəql olunacaq.
Emmanuel de Guillebon əlavə edib ki, sahildə qazın emalı və sıxılması üçün qurğular inşa ediləcək. Qazın bir hissəsi Türkiyəyə ixrac olunacaq, kondensat isə stabilləşdirildikdən sonra Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinə yönəldiləcək.

