
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniyanın Şərqi
Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı David Reedin
rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə uzunmüddətli
uğurlu enerji əməkdaşlığının, xüsusilə bp şirkətinin iştirakı ilə
neft-qaz sahəsində həyata keçirilən “Əsrin müqaviləsi”, Cənub Qaz
Dəhlizi və digər enerji infrastrukturu layihələrinin iki ölkə
arasında münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd
edilib.
Şirkətlə yeni layihələrlə əməkdaşlığın genişləndiyi, həmçinin
Cəbrayılda inşa edilən günəş elektrik stansiyasının neft-qaz
terminalının dekarbonizasiyasına töhfə verəcəyi bildirilib.
Görüşdə dənizdə külək enerjisi, günəş enerjisi və elektrik
interkonnektorları üzrə layihələrin genişləndirilməsi imkanları
müzakirə edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”,
eləcə də Türkiyə, Bolqarıstan və digər region ölkələri ilə elektrik
enerjisi bağlantılarının strateji əhəmiyyəti vurğulanıb. Həmçinin
Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri
də nəzərdən keçirilib.

