
Bakı. Trend:
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış
mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildə
keçdiyi inkişaf yolunun, enerji strategiyasının və beynəlxalq
nüfuzunun aydın mənzərəsini ortaya qoyur.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanın enerji siyasətinin təməli
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası
əsasında formalaşıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə yeni mərhələyə qədəm qoyub:
“Xəzər Neft və Qaz Sərgisindən başlayaraq qlobal miqyasda
nüfuzlu platformaya çevrilən Bakı Enerji Həftəsi ölkəmizin
beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı
mühüm rolu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı
məqamlardan biri Azərbaycanın təbii sərvətlərdən səmərəli istifadə
etməklə əldə etdiyi uğurlardır. Vaxtilə iqtisadi və siyasi
çətinliklərlə üzləşən, enerji daşıyıcılarını idxal edən Azərbaycan
bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı
tərəfdaş kimi tanınır. Bu, düşünülmüş dövlət siyasətinin, milli
maraqlara əsaslanan strateji qərarların və beynəlxalq əməkdaşlığın
uğurlu nəticəsidir.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan qazı artıq 16
ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqına üzv
dövlətlərdir. Bu fakt ölkəmizin qlobal enerji xəritəsində tutduğu
strateji mövqenin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa,
TANAP və TAP kimi layihələr təkcə iqtisadi deyil, həm də siyasi və
geostrateji əhəmiyyət daşıyan təşəbbüslərdir”.
Deputatın sözlərinə görə, çıxışda diqqət çəkən mühüm məqamlardan
biri də enerji siyasətinin ölkənin sosial-iqtisadi inkişafına
verdiyi töhfələrin xüsusi qeyd olunmasıdır: “Vaxtilə 50 faizdən çox
olan yoxsulluğun 5 faizə qədər azalması, xarici borcun minimum
səviyyəyə endirilməsi, maliyyə ehtiyatlarının əhəmiyyətli dərəcədə
artırılması Azərbaycanın əldə etdiyi uğurların bariz
göstəricisidir. Bu nailiyyətlər enerji gəlirlərinin düzgün idarə
olunmasının və onların insan kapitalına, təhsilə, səhiyyəyə və
infrastruktur layihələrinə yönəldilməsinin nəticəsidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan yalnız
ənənəvi enerji resurslarının ixracatçısı deyil, eyni zamanda yaşıl
enerji keçidinin fəal iştirakçısıdır. Günəş, külək və hidroenerji
sahələrində həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişaf
strategiyasının mühüm tərkib hissəsidir. Qarabağ və Şərqi
Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi bu
istiqamətdə atılan mühüm addımlardandır”.
A.Həsənova qeyd edib ki, çıxışda Azərbaycanın beynəlxalq
əməkdaşlıq və diplomatik fəaliyyət sahəsində əldə etdiyi uğurlar da
xüsusi önəm daşıyır:
“Enerji və nəqliyyat dəhlizlərinin yaradılması, regional
əməkdaşlıq platformalarının təşəkkülü ölkəmizin etibarlı tərəfdaş
və təşəbbüskar dövlət kimi mövqeyini daha da möhkəmləndirib.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən enerji siyasəti Azərbaycanın iqtisadi qüdrətinin
artmasına, milli təhlükəsizliyinin möhkəmlənməsinə və beynəlxalq
nüfuzunun yüksəlməsinə xidmət edir. Bakı Enerji Həftəsi
çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar isə
ölkəmizin qlobal enerji təhlükəsizliyinə töhfələrinin gələcəkdə
daha da artacağını göstərir”.

