
Bakı.Trend:
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin
modernləşdirilməsindən sonra yükdaşıma imkanları əhəmiyyətli
dərəcədə genişlənib və layihə yeni mərhələyə qədəm qoyub.
Trend xəbər
verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən
Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, BTQ xətti artıq ənənəvi nəqliyyat
bağlantısından çıxaraq Avrasiyanın strateji logistika
arteriyalarından birinə çevrilib.
“Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu sadəcə alternativ marşrut
deyil. O, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın
coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib
infrastrukturdur”, – deyə R.Rüstəmov bildirib.
Sədr qeyd edib ki, layihənin modernləşdirilməsi nəticəsində
dəmir yolunun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon
tona çatdırılıb. Bu isə Şərq–Qərb istiqamətində yükdaşımaların daha
sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır.
R.Rüstəmovun sözlərinə görə, BTQ-nin əhəmiyyəti Azərbaycanın
tranzit imkanlarını genişləndirməsi ilə yanaşı, ölkəni regional
logistika platformasına çevirməsində də özünü göstərir.
“Bu xətt sayəsində logistika imkanlarımız artıq yalnız Xəzər
keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır. Türkiyə üzərindən
Avropa dəmir yolu sisteminə birbaşa çıxış əldə etmişik. Dəmir yolu
və dəniz daşımalarının inteqrasiyası nəticəsində Azərbaycan klassik
tranzit ölkəsi statusundan çıxaraq regional logistika mərkəzinə
çevrilib”, – o vurğulayıb.
Modernləşdirmə çərçivəsində Gürcüstan ərazisində yerləşən 184
kilometrlik hissədə genişmiqyaslı yenidənqurma işləri həyata
keçirilib. Layihə çərçivəsində 13 dəmir yolu stansiyası, 200-ə
yaxın bina və mühəndis qurğusu əsaslı təmir olunub, 61 kilometr
yeni dəmir yolu xətti çəkilib, enerji və yol infrastrukturu
yenilənib.
18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan
rəhbərlərinin iştirakı ilə BTQ layihəsinin təhvil-təslimi üzrə
yekun akt imzalanıb, eyni zamanda “BTKI Railways” MMC birgə
müəssisəsi fəaliyyətə başlayıb”.
R.Rüstəmovun sözlərinə görə, yenilənmiş BTQ Çin və Mərkəzi
Asiyanı Avropa ilə birləşdirən ən qısa və çevik quru
marşrutlarından biri kimi Orta Dəhlizin rəqabət qabiliyyətini daha
da artıracaq.
“Çin tərəfi ilə imzalanmış sənədlərdə Orta Dəhliz boyunca
yükdaşımaların inkişafı üçün BTQ-dən daha geniş istifadəyə xüsusi
önəm verilib və bu proses artıq praktiki mərhələyə keçib”, – deyə o
əlavə edib.

