IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

Baş səhifə

Bakı. Trend:

“Azercell Telekom” MMC ölkənin kibertəhlükəsizlik sahəsində ən
mühüm tədbirlərindən biri hesab olunan IV Milli Kibertəhlükəsizlik
Forumunun əsas dəstəkçiləri sırasında yer alır. İyunun 4-də
keçiriləcək forum dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq
ekspertləri, texnologiya şirkətlərini və sahə peşəkarlarını bir
araya gətirərək rəqəmsal təhlükəsizlik sahəsində aktual
çağırışların və innovativ həllərin müzakirəsi üçün mühüm platforma
rolunu oynayacaq.

Forum çərçivəsində Azercell xüsusi stendlə təmsil olunacaq.
Şirkət stendində korporativ müştərilər üçün nəzərdə tutulan
kibertəhlükəsizlik həllərini, informasiya təhlükəsizliyinin idarə
olunması istiqamətində tətbiq etdiyi qabaqcıl yanaşmaları, eləcə də
süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanlarını
təqdim edəcək.

Tədbir çərçivəsində Azercell-in Kibertəhlükəsizlik şöbəsinin
rəhbəri Mais Şərifli “Kibertəhlükəsizlik 2.0: Süni intellekt
erasında ekosistemin transformasiyası” mövzusunda təqdimatla çıxış
edəcək. Təqdimatda süni intellekt texnologiyalarının
kibertəhlükəsizlik sahəsinə gətirdiyi real nəticələr, tətbiq edilən
yeni müdafiə mexanizmlərinin effektivliyi və rəqəmsal
təhlükəsizliyin gələcəyini formalaşdıran əsas uğurlu tendensiyalar
təqdim olunacaq.




Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini
Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya
Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun şəkildə
inkişaf etdirir. Şirkət daxili sistemlərdə süni intellekt
texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin
avtomatlaşdırılmış təhlili, zəifliklərin operativ aşkarlanması və
risklərin qiymətləndirilməsi imkanlarını daha da təkmilləşdirib.
Real vaxt rejimində monitorinq və qabaqlayıcı təhlükə aşkarlama
mexanizmləri isə potensial kibertəhlükələrin qarşısının vaxtında
alınmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə
xidmət edir.

Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində keçiriləcək
müzakirələrin ölkədə rəqəmsal təhlükəsizlik ekosisteminin
inkişafına, yeni əməkdaşlıq imkanlarının formalaşmasına və
innovativ yanaşmaların tətbiqinə töhfə verəcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir