
Bakı. Trend:
İyunun 2-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım
Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Görüşdə Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycanda
diversifikasiya və inkişaf” hesabatı təqdim olunub, sənədin əsas
nəticələri və ölkəmizin iqtisadi şaxələndirmə prosesinə potensial
təsirləri müzakirə olunub.
Nazir Sahil Babayev Dünya Bankı ilə tərəfdaşlığın Azərbaycanın
sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edərək,
əməkdaşlığın infrastrukturun modernləşdirilməsi, enerji keçidi,
nəqliyyat bağlantılarının gücləndirilməsi, sosial müdafiə
sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin inkişafı
istiqamətlərində uğurla davam etdiyini bildirib.
Maliyyə naziri iqtisadi şaxələndirmənin Azərbaycan hökumətinin
əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, qeyri-neft
sektorunun genişləndirilməsi, investisiya mühitinin
yaxşılaşdırılması, ixrac potensialının artırılması, insan
kapitalının inkişaf etdirilməsi və rəqəmsal həllərin tətbiqi
sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın
gücləndirilməsinin əhəmiyyətinə toxunan S.Babayev dövlət
maliyyəsinin idarə olunmasında müasir yanaşmaların tətbiqinin,
fiskal intizamın möhkəmləndirilməsinin və qeyri-neft gəlirlərinin
rolunun artırılmasının uzunmüddətli iqtisadi dayanıqlıq baxımından
xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki,
informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri və
turizm sektorlarının inkişafı, habelə regional nəqliyyat və
logistika əlaqələrinin genişləndirilməsi ölkənin diversifikasiya
siyasətinin əsas istiqamətlərindəndir.
Görüş zamanı dövlət müəssisələrinin korporativ idarəetməsinin
təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması
məqsədilə görülən işlər də nəzərdən keçirilib, monitorinq
mexanizmlərinin gücləndirilməsi və fiskal risklərin effektiv idarə
olunmasının vacibliyi vurğulanıb.
Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında
tərəfdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, özəl sektorun
gücləndirilməsi, yaşıl inkişaf, enerji keçidi, rəqəmsallaşma,
dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan kapitalının
inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı
olduqlarını bildirib. O, Dünya Bankının Azərbaycanın uzunmüddətli
inkişaf gündəliyinə dəstəyini bundan sonra da davam etdirəcəyini
qeyd edib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə
məsələləri ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın və
konstruktiv dialoqun davam etdirilməsinin əhəmiyyətini
vurğulayıblar.

