SOCAR balanslaşdırılmış enerji şirkətinə çevriləcək – Əfqan İsayev

Baş səhifə

Bakı. Trend:

SOCAR 2035-ci ilədək balanslaşdırılmış enerji şirkətinə
çevriləcək.

Trend xəbər
verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji
Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji
layihələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb və bu
sahəyə dövlət dəstəyi davamlı olaraq gücləndirilir.

Ə.İsayev bildirib ki, əvvəllər bərpa olunan enerji layihələri
üçün investisiya təşviqi sənədləri təqdim olunurdu və bu sənədlər
müəyyən vergi güzəştləri nəzərdə tuturdu. Yeni qanunvericiliyə
əsasən isə bu güzəştlərin müddəti 7 ildən 30 ilə qədər uzadılıb ki,
bu da layihələrin maliyyə dayanıqlığını əhəmiyyətli dərəcədə
artırır.

O qeyd edib ki, beynəlxalq enerji layihələrinin həyata
keçirilməsində hökumətlərarası sazişlər mühüm rol oynayır.
“Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan və digər neft-qaz
infrastrukturu layihələrinin icrası zamanı bunun şahidi olmuşuq.
Eyni yanaşma bərpa olunan enerji və enerji bağlantıları
layihələrində də tətbiq oluna bilər. Bunun üçün bütün əsas
mexanizmlər mövcuddur, sadəcə onları yeni layihələrə uyğunlaşdırmaq
və tətbiq etmək lazımdır”, – deyə vitse-prezident vurğulayıb.

Ə.İsayev bəzi ölkələrdə, o cümlədən Türkiyədə ev sahibi
hökumətlərlə bağlanan sazişlərin parlamentlər tərəfindən
ratifikasiya olunduğunu xatırladaraq, bu cür dəstək mexanizmlərinin
iri enerji layihələrinin reallaşdırılması üçün vacib olduğunu
bildirib.




SOCAR-ın strateji transformasiya prosesindən də danışan
vitse-prezident qeyd edib ki, şirkət 2023-cü ildə özünün
dekarbonizasiya və ümumi inkişaf strategiyasına yenidən baxıb.

“2035-ci ilədək məqsədimiz yalnız neft-qaz şirkəti deyil,
balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməkdir. Bu
portfel həm karbohidrogen biznesini, həm də aşağı karbonlu
fəaliyyət sahələrini əhatə edəcək”, – deyə o bildirib.
Ə.İsayevin sözlərinə görə, yeni strategiya üç əsas istiqamət
üzərində qurulub: əsas fəaliyyətin dekarbonizasiyası, təşkilati
strukturun yenilənməsi və aşağı karbonlu biznes sahələrinə,
xüsusilə bərpa olunan enerjiyə investisiyaların artırılması.

O qeyd edib ki, şirkət metan emissiyalarının azaldılması
istiqamətində mühüm nəticələr əldə edib, təşkilati transformasiya
prosesini isə artıq tam başa çatdırıb.

Vitse-prezident əlavə edib ki, bərpa olunan enerji sahəsində
bilik və təcrübənin daha sürətli əldə olunması məqsədilə SOCAR
dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq yolunu seçib.

Bu məqsədlə 2024-cü ilin mart ayında SOCAR Green şirkəti
yaradılıb.

“Masdar, bp, China Energy və PowerChina kimi tərəfdaşlarımızın
dəstəyi ilə bərpa olunan enerji və enerji saxlama sistemləri
sahəsində imkanlarımızı sürətlə inkişaf etdiririk. Bu əməkdaşlıq
bizim üçün böyük əhəmiyyət daşıyır və indiyədək çox uğurlu
nəticələr verib”, – deyə Ə.İsayev vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir