
Bakı. Trend:
2025-ci ildə “PAŞA Kapital”ın Bakı Fond Birjasında (BFB) ticarət
dövriyyəsi 44,7 milyard manat təşkil edib və bu, bazarın ümumi
dövriyyəsinin təxminən 42%-nə bərabər olub.
Trend xəbər
verir ki, bunu “PAŞA Kapital”ın Baş direktoru İsi Mustafayev bu gün
rəhbərlik etdiyi şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə
həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il BFB-yə üzv olan investisiya
şirkətlərinin ümumi ticarət dövriyyəsi 105,7 milyard manat təşkil
edib. Bunun 81,4 milyard manatı repo əməliyyatlarının, 18,7 milyard
manatı dövlət istiqrazlarının, 4,2 milyard manatı Mərkəzi Bankın
qiymətli kağızlarının, 1,4 milyard manatı isə korporativ
istiqrazların payına düşüb.
İ.Mustafayev bildirib ki, “PAŞA Kapital”ın ticarət dövriyyəsi
2024-cü illə müqayisədə 67% artıb. Belə ki, şirkətin 2024-cü ildəki
ticarət dövriyyəsi 26,8 milyard manat olduğu halda, 2025-ci ildə bu
göstərici 44,7 milyard manata yüksəlib.
Baş direktor qeyd edib ki, şirkətin 2025-ci ildəki ticarət
dövriyyəsinin 30,1 milyard manatı repo əməliyyatları, 12,2 milyard
manatı dövlət istiqrazları, 1,7 milyard manatı Mərkəzi Bankın
qiymətli kağızları, 0,7 milyard manatı isə korporativ istiqrazlar
üzrə formalaşıb.
İ.Mustafayev əlavə edib ki, “PAŞA Kapital” müxtəlif qiymətli
kağız növləri üzrə bazar payını artırmağa davam edib. Belə ki,
2025-ci ildə şirkətin repo bazarı üzrə payı 37%, dövlət
istiqrazları bazarı üzrə payı 66%, Mərkəzi Bankın qiymətli
kağızları üzrə payı 53%, korporativ istiqrazlar bazarı üzrə payı
isə 40% təşkil edib.
O vurğulayıb ki, əldə olunan nəticələr şirkətin kapital
bazarlarında mövqeyinin daha da gücləndiyini və investor
aktivliyinin artdığını göstərir.

