
Bakı. Trend:
“Turan Tovuz” klubu UEFA bayrağı altında keçirilən yarışlarda
iştirakına qadağa qoyulması ilə bağlı İdman Arbitraj Məhkəməsinə
(CAS) müraciət edəcək.
Trend xəbər verir
ki, bu barədə klubun bəyanatında bildirilib.
Tovuz təmsilçisinin bəyanatını diqqətinizə çatdırırıq:
“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl
edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans
Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi
klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma
aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli
qərarını (qərarın linki:
https://www.affa.az/ind…/news/ntizam-komitsinin-qrar/65952) əsas
götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci
illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan
kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən
2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın
7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa
qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın
dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə
qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün
bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj
Məhkəməsinə (CAS) müraciət olunacaq.
Əlavə olaraq bildirik ki, UEFA Konfrans Liqasına hazırlıq
planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri
toplanacaq və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq”
Qeyd edək ki, 2019-cu ildə Birinci Divizionda çıxış edərkən
danışılmış oyunlarla əlaqədar “Turan Tovuz”un 7 futbolçusunun
futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

