
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə
sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və
imtahanların keçirilməsi üzrə Təlimat” qəbul edilib.
AMB-dən Trend-ə
bildirilib ki, təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Qanunun 49-cu maddəsinə və Mərkəzi Bankın “Risk əsaslı
nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Sənəd
maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq
səviyyəsinin qiymətləndirilməsi, eləcə də onların bilik və
bacarıqlarının daxili nəzarət və risklərin effektiv idarə edilməsi
sistemlərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq
imtahanların təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Sənəddə, həmçinin sertifikatlaşdırmadan keçmiş rəhbər şəxslərin
davamlı peşəkar inkişaf fəaliyyətlərinə müntəzəm olaraq cəlb
edilməsi qaydaları da əks olunub.
Yeni çərçivəyə əsasən, peşəkar sertifikatlaşdırma prosesi “Risk
əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nın tərkib hissəsi kimi
tətbiq ediləcək. Sertifikasiya vəzifə qruplarından asılı olaraq
imtahan modullarından ibarət olacaq. İlkin mərhələdə
sertifikatlaşdırmaya ikinci müdafiə xəttinə aid risklərin idarə
edilməsi funksiyasını icra edən əməkdaşlar cəlb ediləcəklər.
Sertifikasiya çərçivəsində müvafiq beynəlxalq sertifikatlara malik
şəxslər üçün imtahan modulları üzrə azadolma imkanları nəzərdə
tutulub. İlk imtahanların cari ilin sonuna kimi başlanılması
planlaşdırılır. İmtahanda iştirak ödənişsizdir və verilən
sertifikatların müddətsiz olması nəzərdə tutulur.
Bu təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların
formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin
artırılmasına, insan amili ilə bağlı risklərin azaldılmasına və
ümumilikdə maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.
Təlimatı nəzərdən keçirmək üçün link:
https://uploads.cbar.az/assets/0b7630782dd7a371a9cf4908b.pdf

