
Bakı. Trend:
Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı 47
faiz artıb.
Trend xəbər
verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin –
AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Bakıda
keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin açılış mərasimində
deyib.
Onun sözlərinə görə, zərgərlik sənayesi Azərbaycanın
iqtisadiyyatı və ixracı üçün mühüm əhəmiyyət daşıyır.
“Zərgərlik sahəsi istehsal və ixracımıza əlavə dəyər
qazandırdığı üçün bu sənayenin dəstəklənməsi bizim üçün çox
vacibdir. Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları
ixracı əhəmiyyətli dərəcədə artıb. Artım 47 faiz təşkil edib. Bu
göstərici iqtisadiyyatımız üçün olduqca önəmlidir”, – deyə o qeyd
edib.
T.Hacılı vurğulayıb ki, “Azerbaijan Jewelry Show” sərgisi
Azərbaycan zərgərlik sənətinin ölkənin mədəniyyəti və ənənələrinin
bir hissəsi kimi tanıdılması baxımından xüsusi əhəmiyyət
daşıyır.
O əlavə edib ki, açılış mərasimindən sonra qonaqlar üçün sərgi
üzrə bələdçili tur təşkil olunacaq və iştirakçılar Azərbaycan
zərgərlik sənayesi ilə yaxından tanış olmaq imkanı əldə
edəcəklər.
AZPROMO rəsmisi, həmçinin tədbirdə iştirak edən türkiyəli
tərəfdaşlara təşəkkürünü bildirib.
“Bu, ilk zərgərlik sərgisidir. Növbəti illərdə sərginin daha da
genişləndirilməsini planlaşdırırıq. Daha çox beynəlxalq qonaq və
şirkətin sərgidə iştirak edəcəyinə inanırıq. Fürsətdən istifadə
edərək şirkətlərinizi gələcək sərgilərdə iştirak etməyə dəvət
edirəm”, – deyə Tural Hacılı əlavə edib.
Qeyd edək ki, beynəlxalq formatda təşkil olunan “Azerbaijan
Jewelry Show” sərgisində Azərbaycan və Türkiyədən zərgərlik
sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edirlər.
Sərgidə qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik
məmulatları, külçələr və sikkələr, bijuteriya məhsulları, zərgərlik
qablaşdırmaları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və
ləvazimatlar nümayiş etdirilir.

