Azərbaycan zərgərlik məhsullarının ixrac payının artırılması hədəflənir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin əsas
məqsədlərindən biri yerli zərgərlik məhsullarının beynəlxalq
bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi və
ölkənin ixrac səbətində zərgərlik sənayesinin payının
artırılmasıdır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə
Heyətinin sədri Toğrul Abbasquliyev “Azerbaijan Jewelry Show”
sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsədlərdən
biri Azərbaycan zərgərlik sənayesinin məhsullarının tanıdılması,
“Made in Azerbaijan” zərgərlik məmulatlarının təbliği, həmçinin bu
məhsulların Azərbaycan bazarında və region ölkələrində mövqeyinin
gücləndirilməsidir.

Toğrul Abbasquliyev bildirib ki, sərgidə hazır zərgərlik
məmulatları ilə yanaşı, zərgərlik sənayesində istifadə olunan
avadanlıqlar, dəzgahlar, müxtəlif ləvazimatlar, müasir
texnologiyalar, eləcə də dövlət və özəl sektor tərəfindən təqdim
edilən xidmətlər nümayiş olunur.

O qeyd edib ki, sərgidə Azərbaycan şirkətləri ilə yanaşı,
Türkiyə şirkətləri, sahibkarları və brendləri də iştirak edir.
Bununla yanaşı, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcı və ziyarətçilərin
qatılması nəzərdə tutulub.

Assosiasiya sədri vurğulayıb ki, Azərbaycan zərgərlik
məmulatlarına yaxın coğrafiyada ciddi tələbat mövcuddur və bu
marağın arxasında peşəkar Azərbaycan zərgərlik məktəbi dayanır.




“Bizim əsas missiyamız Azərbaycan zərgərlik məktəbini, milli
ornament və naxışları, eləcə də bu sahədəki adət-ənənələri qoruyub
saxlamaqdır. Bu baxımdan sərgidə Azərbaycan brendlərinin və “Made
in Azerbaijan” məhsullarının geniş şəkildə təmsil olunmasına xüsusi
önəm veririk”, – deyə o əlavə edib.

Toğrul Abbasquliyev həmçinin son illərdə zərgərlik sahəsinə
göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib. O bildirib ki,
gömrük və vergi güzəştlərinin tətbiqi sektorun inkişafı üçün mühüm
stimul yaradıb.

Assosiasiya rəhbəri Dövlət Vergi Xidməti, Dövlət Gömrük
Komitəsi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, həmçinin
Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə əməkdaşlığın
sahənin inkişafına əlavə töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, beynəlxalq formatda təşkil olunan “Azerbaijan
Jewelry Show” sərgisində Azərbaycan və Türkiyədən zərgərlik
sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edirlər.

Sərgidə qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik
məmulatları, külçələr və sikkələr, bijuteriya məhsulları, zərgərlik
qablaşdırmaları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və
ləvazimatlar nümayiş etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir