Qanunvericiliyə avtonom nəqliyyat mühitini tənzimləyən yeni anlayışlar daxil edilir

Baş səhifə

Bakı. Trend:

Qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi,
aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı
sahələrində) hüquqi tənzimlənməsi üçün “avtonom nəqliyyat
vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi
anlayışlar daxil ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Ticarət
Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, idarəetmənin yüksək və tam
avtomatlaşdırılmış səviyyələri təsbit olunacaq.

Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən
idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin
anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat
vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən
ediləcək.




Layihədə, avtonom nəqliyyat vasitəsinin yalnız dövlət
qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının
müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir.

Həmçinin, hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan
sonra operator qismində fəaliyyət göstərə biləcək. Operatordan
istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin
fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş
verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı
ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək,
həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal
aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunacaq.

Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin
avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin
tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi
tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində
vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin
(sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə)
məsuliyyəti qeyd ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir